“Azərbaycan millisində oynamağımla bağlı heç kim mənimlə əlaqə saxlamayıb”.
Apasport.az saytının məlumatına görə, bunu rusiyalı futbolçu Ayaz Quliyev deyib.
Milliyyətcə azərbaycanlı olan legionerin Azərbaycan yığmasına cəlb edilməsi dəfələrlə gündəmə gəlib. “Arsenal”ın futbolçusu Matç TV-yə müsahibəsində milliləşməsi ilə bağlı konkret addımın atılmadığını bildirib: “Onlar əlaqə saxlayır, sonra dayanırdılar, ardınca yenidən əlaqə qururdular. Heç bir konkretlik olmayıb. Nə vaxt məsələ konkretləşsə, onda bu barədə danışaram. İndi bu haqda düşünmürəm”.
Ayaz vətəndaşlığını dəyişməyə əmin olmadığını da gizlətməyib: “Milliyyətimdən imtina etmirəm. Amma indi deyə bilmərəm ki, razıyam, keçirəm. Hər şeyi razılaşdırmaq lazımdır. Mən Rusiyada böyümüşəm, bütün həyatımı burda keçirmişəm. Əksər dostlarım burdadır. Orda isə məsələ milli mənsubiyyətlə bağlıdır ki, ondan da imtina etmirəm”.
Qeyd edək ki, Quliyev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarının formasını geyinib.