Azər Əliyev "Neftçi" rəsmilərinə hirsləndi, AFFA-ya getmədi
10.02.2022 - 17:08
Azər Əliyev "Neftçi" rəsmilərinə hirsləndi, AFFA-ya getmədi

"Neftçi" ilə 3,5 illik müqavilə imzalayan Azər Əliyev hələlik legioner statusu daşıyır.

Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu statusunda oynaya bilməsi üçün “Ufa”nın sabiq futbolçusunun millidə çıxış etmək səlahiyyəti olmalıdır.

Bakı klubu və AFFA yarımmüdafiəçinin yığmada forma geyinməsinə tərəfdardır. Hər halda, federasiya uzun illərdir çalışırdı ki, onu razı salsın. “Ağ-qaralar” 28 yaşlı futbolçu ilə anlaşmaqla, AFFA-nın işini bu mənada asanlaşdırıb.

İndi Əliyevin vətəndaşlığını dəyişməklə bağlı AFFA-ya rəsmi müraciət etməsi qalıb. “Neftçi” rəsmilərinin ilk belə cəhdi xoşagəlməz sonluqla bitib.

İdarəçilər məşqdən sonra onu birbaşa avtomobilə əyləşdirərək, AFFA-nın yerləşdiyi binaya gəlib. Hara gəldiklərini öyrənən Azər tərli halda binaya daxil olmaqdan imtina edib: “Mən məşqdən indi çıxmışam, heç hamama girməyə də qoymadız. Bu vəziyyətdə içəri keçə bilmərəm. Nə qaçhaqaçdır? Tez olun, geri qayıdaq”.

Əliyevin israrını görən klub nümayəndələri onun tələbini yerinə yetirib (sportinfo.az).