Azərbaycan Premyer Liqasında ən məhsuldar oyunçu sayı 1-dən çox olarsa, onların hamısı bombardir sayılacaq.
Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
Sona bir tur qalmış bombardirlik uğrunda gedən gərgin mübarizəyə toxunan qurum rəsmisi bildirib ki, futbolçular mövsümü eyni sayda qolla tamamlasa, onların hər biri mükafatlandırılacaq. Abbasov bu qaydanın ötən mövsümdən tətbiq olunduğunu söyləyib: “Hələ ki, eyni qollu oyunçuların sayı kifayət qədərdir. Son turda hər hansı bir dəyişiklik olmasa, hər birinə xüsusi mükafat veriləcək”.
Hazırda 5 futbolçu 11 qolla bombardirlik yarışına şərikli liderlik edir. Bunlar “Qarabağ”ın oyunçuları Filip Ozobiç, Vadji İbrahima, Kadi Borqes, “Sabah”ın qolçusu Coy-Lens Mikels və “Zirə”nin ön xətt oyunçusu Davit Volkovdur. “Neftçi”nin hücumçusu Tiaqo Bezerranın isə aktivində 10 top var.
Qeyd edək ki, Premyer Liqada son turun oyunları mayın 21-də baş tutacaq.