Baş məşqçi ilə futbolçu arasında mübahisə - “Qarabağ”ın oyununda qalmaqal yaşanıb
11.12.2021 - 11:30
Baş məşqçi ilə futbolçu arasında mübahisə - “Qarabağ”ın oyununda qalmaqal yaşanıb

Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçirilən oyunda “Bazel”in düşərgəsində qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Sankt-Yakob Park”da baş tutan görüşdə rəqibin hücumçusu Sebastyano Esposito baş məşqçi ilə mübahisə edib.

Buna səbəb “İnter”dən icarəyə götürülən gənc forvardın son dəqiqələrdə meydana girmək istəməməsi olub. Üç aydır zədədən əziyyət çəkən 19 yaşlı futbolçunu baş məşqçi Patrik Rahmen 80-ci dəqiqədə əvəzetmədən meydana buraxmaq istəyib. Lakin çalışdırıcının tapşırığına qarşı çıxan italiyalı bundan imtina edib.

Nəticədə matçdan sonra Esposito təkcə çalışdırıcının yox, komanda yoldaşlarının da qəzəbinə tuş gəlib. Kapitan Valentin Stoker, həmçinin Maykl Lanq və Xordi Kinilya ona etirazını sərt şəkildə bildirib.

“Bazel”in mətbuat xidmətinin rəhbəri də hadisəni təsdiqləyib. O, futbolçunun bu addımının qəbuledilməz olduğunu söyləyib.

Qeyd edək ki, “Qarabağ” üzərində 3:0 hesablı qələbə qazanan “Bazel” H qrupunu 14 xalla birinci pillədə tamamlayıb. Azərbaycan klubu isə 11 xal toplayıb və pley-offda iştirak hüququ əldə edib.