Bir ildə 30 qol səddinə çatan gənclər – 63 ildən sonra ilk...
24.12.2021 - 15:06
Bir ildə 30 qol səddinə çatan gənclər – 63 ildən sonra ilk...

İtaliya A seriyasında 63 il sonra ilk dəfə bir təqvim ilində gənc futbolçu 30 qol səddini keçib.

Apasport.az saytının məlumatına görə, “Fiorentina”nın serbiyalı hücumçusu Duşan Vlahoviç 22 yaşı tamam olmamış bunu bacaran 4-cü oyunçu olub.

Ona qədər isə cəmi üç nəfər gənc yaşda A seriyasında il ərzində 30 qol vurmağı bacarıb. Həmin oyunçular bunlardır:

1. Cüzeppe Meatsa (1930)
İtaliyanın əfsanəvi futbolçusu Meatsa gənc yaşlarında qazandığı uğurlarla dünya futbolunun ilk ulduzları sırasında yer alıb. Karyerasına “İnter”də başlayan sabiq hücumçu ikinci mövsümündəcə (1928/29) 31 qola imza atıb. “Neradzurra”nın əfsanəsinə çevrilən Meatsanın adı məhz bu komandanın stadionuna verilib.

2. Felitse Borel (1933)
Futbola “Yuventus”un heyətində başlayan 1914-cü il təvəllüdlü Borel 1933 və 1934-cü illərdə ardıcıl iki dəfə bombardir olub. Hər iki mövsümdə komandasının qızıl medalları qazanmasında mühüm rol oynayan Borel 20 yaşında İtaliya millisi ilə dünya çempionluğunu da əldə edib.

3. Antonio Valentin Angelilyo (1958)
Argentinada anadan olan, “Rasinq” və “Boka Xuniors” formalarını geyinən Angelilyo 1957-ci ildə “İnter”də oynamaq üçün İtaliyaya yollanıb. 1958/59 mövsümünü 33 qolla bombardir kimi tamamlayan keçmiş forvard komandanın kapitanlığına qədər yüksəlib. Karyerasının sonuna qədər A seriyasında çıxış edən Angelilyo həm Argentina, həm də İtaliya millisinin şərəfini qoruyub.

4. Duşan Vlahoviç (2021)
“Fiorentina”nın 21 yaşlı qolçusu 63 il sonra A seriyasında bir ilki gerçəkləşdirib. 2021-ci il ərzində A seriyasında 30 qol səddinə çatan Vlahoviç 22 yaşı tamam olmadan bu uğura nail olan 4-cü futbolçudur. Cari mövsüm aktivində 16 qol, 2 məhsuldar ötürmə olan serbiyalı hazırda bombardirlər yarışına başçılıq edir.