Bir təqvim ilində ən çox qələbə qazananlar – Premyer Liqada
22.12.2021 - 16:52
Bir təqvim ilində ən çox qələbə qazananlar – Premyer Liqada

İngiltərə çempionatları tarixinin bir təqvim ilində ən çox qələbə qazanan komandaların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVIII turunda “Nuyukasl”ı səfərdə məğlub edən “Mançester Siti” il ərzində 34-cü qalibiyyətini qazanaraq, 39 illik rekordu yeniləyib.

“Şəhərlilər”in bu göstəricini yaxşılaşdırmaq üçün ilin son günlərində daha iki oyunu olacaq.

1. “Mançester Siti” - 34 qələbə (2021-ci il)
“Şəhərlilər” il ərzində Premyer Liqa matçlarının 34-dən qalib ayrılıb. Bununla İngiltərə çempionatları tarixində yeni rekorda imza atan Pep Qvardiolanın yetirmələri ötən mövsüm olduğu kimi, cari mövsüm də çempionluğa doğru irəliləyir.

2. “Liverpul” - 33 (1982)
“Liverpul” düz 39 il bu rekordu əlində saxlayıb. “Qırmızılar” 1981/82 mövsümündən etibarən ardıcıl üç il mövsüm çempion olub.

3. “Çelsi” - 32 (2005)
“Çelsi” Joze Mourinyonun rəhbərliyi altında həmin dönəm ardıcıl 2 dəfə çempionluğu bayram edib.

4-7. “Liverpul” - 31 (2019)
2019-cu ildə 31 dəfə meydanı qalib tərk edən “Liverpul” 2019/20 mövsümünü çempion kimi başa vurub.

“Mançester Yunayted” - 31 (2009)
“Qırmızı şeytanlar” da bir təqvim ilində 31 qələbə qazanıb. Komandanın bu parlaq çıxışı 2008/09 mövsümündə çempionluğu gətirib.

“Mançester Yunayted” - 31 (1993)
“Mançester Yunayted” eyni uğuru ilk dəfə 1993-cü ildə qazanıb. Komanda həm 1992/93, həm də 1993/94 mövsümünü zirvədə tamamlayıb. Bununla “Mançester Yunayted” liqanın Premyer Liqa adı altında keçirilən ilk iki mövsümünün qalibi olub.

“Tottenhem” - 31 (1960)
London təmsilçisi 1960-cı ildə 31 qələbə sayəsində tarixində ikinci dəfə çempionluq əldə edib.