Buqrin “Neftçi”yə söz atdı: “Peşəkar komanda tapdım”
11.01.2022 - 09:50
Buqrin “Neftçi”yə söz atdı: “Peşəkar komanda tapdım”

“Esperans” böyük və tarixi klubdur. Bu komandanı Afrika Çempionlar Liqasında izləmişəm və çempion olmaları məni ruhlandırdı, böyük həvəs gətirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”dən ayrılaraq Tunisin “Esperans” klubuna keçən yarımmüdafiəçi Sabir Buqrin deyib.

26 yaşlı belçikalı futbolçu yerli mətbuata açıqlamasında transferi dəyərləndirib: “Klubla danışıqlar sürətlə getdi. Aparılan danışıqların yolu və sürəti məni heyran etdi. İlk dəfədir Afrika komandası ilə müqavilə imzalayıram. Burada da hadisələr Avropa komandalarındakı kimi cərəyan etdi. Sözün əsl mənasında peşəkar komanda tapdım. Klub prezidentinə, texniki heyətə, hər kəsə təşəkkür edirəm. Bura gəldiyim ilk andan başa düşdüyüm odur ki, “Esperans”da bütün titulları qazanmalısan. Yaxşı nəticələrə nail olmaq üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, 2020-ci ilin yayında keçdiyi “Neftçi”də il yarım qalan Sabir Buqrin “Esperans”la 3,5 illik müqavilə imzalayıb.