Deni Qaysumov: “AFFA onu gətirməyin səhv qərar olduğunu etiraf etdi” - MÜSAHİBƏ
17.01.2020 - 15:23
Deni Qaysumov: “AFFA onu gətirməyin səhv qərar olduğunu etiraf etdi” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq üzvü Deni Qaysumovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin baş məşqçi postu boşdur. Xorvatiyaı Nikola Yurçeviç sanki səssiz gəlib, səssiz də getdi.
- Mənim üçün onun Azərbaycan millisinə baş məşqçi təyin olunması gözlənilməz idi. Əgər yığma ona həvalə edilmişdisə, ondan yaxşı oyun və nəticə gözləyirdilər. Lakin tələsik qərardan sonra hər şey tərsinə döndü. Etiraf etmək lazımdır ki, millimiz ən çətin qrupa düşmüşdü və oyunlar da ağır keçdi. 

-  Yəni o postunda qalmalı idi? Yoxsa AFFA səhv qərarını onu komandadan tez göndərməklə göstərdi?
- Əslində, baş məşqçi təyinatı oyunlara az qalmış gerçəkləşmişdi. Baş məşqçi üçün çox çətin olacaqdı. Əgər AFFA Yurçeviçi istefaya göndəribsə, demək ki, özləri də onu baş məşqçi postuna gətirməyin səhv qərar olduğunu etiraf etdi. 

- Hansı ölkədən olan məşqçi Azərbaycan millisinə kömək ola bilər? Yoxsa, sizcə elə yerli mütəxəssis kömək edə bilər?
- Nəyə görə də azərbaycanlı məşqçini baş məşqçi təyin etməsinlər? Qoy, oyundan-oyuna öyrənsin, məğlubiyyətlərin qaçılmaz olduğunu anlayaraq ona rahat işləmək üçün vaxt versinlər. Məhz bu cür işdən sonra qələbələr də gələcək. 

- Roman Qriqorçukun Azərbaycan millisinə baş məşqçi təyin edilə biləcəyi gündəmdədir. O, "Qəbələ"də dörd il işləyib və futbolumuza yaxşı bələddir. Sizcə, millimiz üçün yaxşı variantdır?
- Bəlkə də...

- Sizcə, nəyə görə federasiya yerli mütəxəssisə güvənmək istəmir? Tərlan Əhmədov və Samir Abasovun adı hallansa da, ciddi heç nə olmayıb.
- Azərbaycanda uzun illər millidə oynamış, yığmada böyük təcrübəsi olan, hazırda məşqçilik edən, köməkçilərini də sabiq milli üzvlərindən yığacaq məşqçilər var. Bu məsələdə Kazbek Tuayevi misal gətirərdim. O, hər şeyi yaxşı qura bilər. Niyə də Kazbek Tuayev yığmasının baş məşqçisi olmasın?

- Azərbaycan millisi sizin yığmada oynadığınız vaxtda da, indi də zəifdir. Necə düşünürsüz, nəyə görə komandamız güclənə bilmir?
- Məşqçi məsələsində millidə stabillik yoxdur, biri gəlir, o biri gedir. Bu da futbolçulara öz təsirini göstərir. Komandamızın başqa komandalarla yaxşı mübarizə aparması üçün isə gərək tez-tez yığılsınlar, hər sahədə iş görülsün, psixoloji hazırlıqlar da mütləqdir. 

- Azərbaycan Premyer Liqası barədə hansı fikirdəsiniz? "Qarabağ" altı mövsümdür ki, çempion olur və hazırda da liqada liderlik edir. "Neftçi", həmçinin digərləri onların hegemonluğuna son qoya bilmir. Sizcə, bu mövsümün də çempionu "Qarabağ"dır?
- Çempionat göstərir ki, "Qarabağ" stabil  komandadır. Avrokuboklarda da "Qarabağ" layiqli şəkildə mübarizə aparır. Digər rəhbərlər də öz komandaları ilə ciddi şəkildə məşğul olmalıdır. O zaman çempionatda rəqabət güclənəcək. 

- Xarici klubların azərbaycanlı futbolçulara maraq göstərməməsini nə ilə izah edərdiniz? Əslində futbolçularımız da xaricə yollanmağa isti yanaşmır. Sizcə, niyə belədir?
- Bu çoxdankı problemdir. Çünki legioner həyatı yaşamaq asan çətindir. Ona görə də çox futbolçumuzu evdəki şərait razı salır. Amma onların başqa çempionatlara yollanması, icarəyə verilməsi, başqa liqalarda inkişaf etmələri üçün bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Bu çətin olsa da, mümkünsüz də deyil. 

- Moskva "Dinamo"su yığmamızın hücumçusu Ramil Şeydayevi komandadan göndərdi. Sizcə, ona şans verilməli idi, yoxsa özünü göstərə bilmədi?
- Ramil paytaxt klubuna yox, başqa şəhərləri təmsil edən komandaya yollanmalıdır. Rusiyada klublar çoxdur. O, özünü bir çox komandada göstərə bilər. Ümidvaram ki, o, özünə özü üçün yaxşı olacaq komanda tapacaq.