“Fikirləşdiyimiz kimi, oyun ağır keçdi. Hesab heç kimi aldatmasın”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə”yə səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
42 yaşlı çalışdırıcı matçın ardından komandasının çıxışını dəyərləndirib: “Zirə” yaxşı konandadır. Rəşad Sadıqov güclü komanda formalaşdırıb. Ümumi götürəndə “Qəbələ” mövsüm ərzində iddiasını meydanda göstərib. Uduzduğumuz zaman da komandamdan razı qalmışam. Mövsümboyu necə idiksə, bu gün də futbolçular verilən tapşırığı yerinə yetirməyə çalışdılar. Futbolçularımız göstərdilər ki, “Qəbələ”ni hesabdan silməyin hələ vaxtı deyil. “Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur”.
- Çoxları düşünür ki, Konfrans Liqasına vəsiqə verən son yerin sahibi axırıncı turda “Sabah”la oyununuzda müəyyənləşəcək. Sizcə, həmin vaxta qədər vəsiqəni rəsmiləşdirmək mümkün olacaq?
- Mövsümü layiqincə başa vurmağa çalışacağıq. Nə mən, nə də komandam avrokubok barədə düşünür. İndi yalnız “Neftçi” ilə qarşıdakı görüşü fikirləşirik.
- Yayılan məlumatlara görə, klubda maliyyə problemləri var. Bu, hazırkı əcnəbilərin komandada qalmasına mane olmayacaq?
- Əlbəttə, maliyyə komandanın hər şeyidir. Gizlətmirəm, bununla bağlı sıxıntımız var. İnanıram ki, bu, komandamıza az təsir edəcək, xarakteri sona kimi göstərəcəyik.
- “Sabah”ın dünən “Qarabağ”la oyunda 1 xal qazanması komandanızın motivasiyasına necə təsir göstərmişdi?
- Bizi rəqiblər düşündürmür. Əsas fikrimiz öz oyunlarımızadır. Mövsümün sonu necə olacaq, heç kim bilmir.
- İki aydan çox idi qələbə qazana bilmirdiz. Həmin görüşlərdə sizə nə mane olurdu?
- Səbəblər müxtəlif ola bilər. Məsələn, maliyyə problemi də əlavə təzyiqlər yarada bilər. Özünüz də görürsüz ki, heyətimiz çox kasaddır. Cəzalı və zədəlilərimiz çox olur. Optimal heyəti yığdıqda meydanda daha əzmkar oluruq. “Qara zolaq”da deyildik. Sadəcə, optimal heyətlə çıxış edə bilmirdik.
- Hakimliklə bağlı fikrinizi açıq şəkildə deyən məşqçilərdənsiz. Bu cür danışdıqdan sonra növbəti oyunda hakimlər sizi daha çox sıxırlar, yoxsa özlərinə çəki-düzən verirlər?
- Komanda olaraq hakimlik haqda ən sonda düşünürük. Daha çox futbolçularıma güvənirəm, inanıram ki, peşəkarlıqlarını sona kimi qoruyacaqlar. Lehimizə də, əleyhimizə də hakim qərarları olur. Dünya futbolunda belə hallar müşahidə olunur. Bunun üstündə dayanmaq fikrimiz yoxdur. Bizim kimi, hakimlər də səhv eləməlidirlər.
- Urfan Abbasovun durumu necədir?
- Əvvəlki zədəsini təzələdi. Onun çarpaz bağlarında zədə ikinci dərəcədir. Amma ümid edirik ki, qısa müddətə qayıdar.
- Onun adı “Neftçi”, “Sabah” kimi klublarla birgə hallanır. Abbasovun gedişi realdırmı?
- Hələ çempionatı sona çatdıraq. Bu kollektiv çox mehribandır. İnanıram ki, kollektivin bir yerdə qalması üçün klub tərəfindən hər bir şərait yaradılacaq.
- Konfrans Liqasına vəsiqə qazansanız, bunun büdcənizin artırılmasına təsiri ola bilərmi?
- Buna ən çox mən sevinərəm. Büdcənin geniş olması bizim daha yaxşı olmağımıza səbəb olar. Mövsüm ərzində 14-15 futbolçu ilə oynayırıq. İnanırıq ki, hər şey yaxşı olacaq.