“Düşündüyümüz kimi ağır oyun alındı. “Neftçi”ni təqdim etməyə ehtiyac yoxdur”.
Apasport.az saytının məlumatına görə bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XXVI turunun “Neftçi” ilə oyunundan sonra deyib.
42 yaşlı mütəxəssis ev matçındakı 1:0 hesablı qələbə haqda fikirlərini mətbuat konfransında açıqlayıb: “Heyəti usta futbolçulardan təşkil olunub. Amma komanda olaraq “Neftçi” ilə layiqli mübarizə apardıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Komanda verilən tapşırığı yerinə yetirdi. İnanıram ki, iki oyunumuz qalıb. Bunlar final oyunlarıdır. Komanda kimi bunlara köklənib maksimum nəticə qazanmağa çalışacağıq. Xüsusilə də azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm idilər. Sonadək dəstək olsunlar. Onları sevindirərik”.
- “Qəbələ”də gənc futbolçular çoxdur. Onlar arasında fərqlənən Emil Səfərovun oyununu necə dəyərləndirirsiz?
- Mən Emili fərqləndirməzdim. O, komandanın bir üzvüdür. Üzərinə nə düşürsə, maksimumu yerinə yetirməyə çalışmalıdır və borcludur. Heyətimizdə Emildən də dəyərli futbolçular var ki, zədəli ola-ola da hər şeyini meydanda qoyurlar. Xüsusilə də Urfan Abbasovu fərqləndirərdim. Böyük xarakterə və böyük ürəyə sahib futbolçudur ki, bu zədəylə heç bir futbolçu oynamazdı. Amma Urfan 90 dəqiqə meydanda oldu.
- 36 yaşlı Asif Məmmədovun oyununu necə qiymətləndirirsiz?
- Asif nəinki meydançada, məşq prosesində də ən yaxşılardan biridir. Futbolda yaşa baxmaq deyil, futbolçunun durumuna baxmaq önəmlidir. Asif hamıya göstərir ki, o yaşda da yüksək səviyyədə futbol oynamaq olar.