Elmar Baxşıyev: “Onlar da öz qeydlərini aparacaqlar”
08.02.2022 - 20:04
Elmar Baxşıyev: “Onlar da öz qeydlərini aparacaqlar”

“Düşündüyümüz kimi oyun ağır keçdi. Bilirdik ki, “Sabah” da iddialı və heyətində yaxşı futbolçuların cəmləşdiyi komandadır”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XV turunun “Sabah” – “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

42 yaşlı mütəxəssis görüşdən sonrakı mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Görüşə yaxşı başladıq. Əfsuslar olsun ki, epizodları dəyərləndirmədik. Rəqib əlinə düşən imkanlardan yararlandı və layiqli qələbə qazandı. Hakimlərin işinə də qiymət verən qurum var. İnanırıq ki, onlar da öz qeydlərini aparacaqlar. Bizə göstərilən sarı vərəqənin niyə görə verilməsi sual olaraq qaldı. Ümumilikdə baş hakim görüşü normal idarə etdi. Ola bilər ki, hər hansı xırda follar bizə fərqli görünürdü. Amma ümumi götürsək, normal idarəçilik oldu”. 

Baxşıyev cəza limitinin astanasında olan Ruan Renatonun yoxluğuna da toxunub: “Ruan Renato sarı vərəqə üzündən bu matçda yox idi. 13-14 futbolçumuz var, digərləri gənclərdir. Hər bir itki oyunumuza təsir edir. Ruan Renato aparıcı futbolçularımızdandır. Düşünürəm ki, “Qəbələ” komanda olaraq ruhdan düşməyəcək, daha da iddiasını ortaya qoyacaq”.