Elxan Məmmədov: “O, yad sima deyil, tanınan şəxsdir”
17.03.2022 - 13:27
Elxan Məmmədov: “O, yad sima deyil, tanınan şəxsdir”

"Bugünkü iclasda səmərəli müzakirələr və fikir mübadiləsi aparıldı, bir neçə vacib qərar qəbul olundu”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov deyib.

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra assosiasiyanın rəsmi saytına fikirlərini bölüşən Məmmədov bu gündən etibarən baş katib kimi fəaliyyətinin başa çatdığını bildirib: “Bundan sonra assosiasiyada fəaliyyətimi 2020-ci il yanvarın 28-də AFFA-nın Hesabat-Seçki Konfransında keçirilmiş seçkinin nəticəsinə uyğun İcraiyyə Komitəsinin üzvü və qeyd edilən tarixdə İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərara uyğun, icraçı vitse-prezident kimi davam etdirəcəyəm. 2007-ci ildən başlayaraq 14 ildən artıq müddətdə AFFA-nın baş katibi vəzifəsində çalışmışam. Görünür, fəaliyyətimdə müəyyən müsbət məqamlar olduğu üçün bu qədər uzun müddət ərzində mənə etimad göstərilib. Fürsətdən istifadə edib bu yüksək etimada görə AFFA rəhbərliyinə, İcraiyyə Komitəsinə təşəkkürümü bildirirəm”.

O, Sərxan Hacıyevin yeni baş katib təyin olummasına da münasibət bildirib: “Baş katib vəzifəsinin həvalə olunduğu Sərxan Hacıyev AFFA-ya və Azərbaycan futbol ailəsinə yad sima deyil, futbol ictimaiyyətində tanınan şəxsdir. 2009-cu ildən etibarən AFFA-da mütəxəssis vəzifəsində çalışmağa başlayıb. Ardınca Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, sonra isə – 2012-ci ildən bu günə qədər baş katibin müavini vəzifəsində işləyib. Şəxsən mənim üçün sevindirici bir məqamı qeyd etmək istəyirəm ki, bu gün İcraiyyə Komitəsinin etimad göstərdiyi baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdır, addım-addım, pillə-pillə irəliləyib və bu illər ərzində müxtəlif tədbirlərdə və turnirlərdə zəruri olan təcrübəni toplayıb. Çox şadam ki, bundan sonra da birgə fəaliyyətimiz davam edəcək. Sərxan Hacıyevə uğurlar arzulayıram və ümidvaram ki, bugünkü müvafiq qərar Azərbaycan futbolunun inkişafına, AFFA-nın simasında ölkəmizin futbol institutunun bəlli struktur əsasında idarə olunmasına öz töhfəsini verəcək”.

0