Emin Quliyev: “Avrokuboka “Sabah” deyil, “Qəbələ” layiq idi”
16.05.2022 - 17:06
Emin Quliyev: “Avrokuboka “Sabah” deyil, “Qəbələ” layiq idi”

“Qarabağ”ın çempion olacağını mövsümün əvvəllərindən gözləyirdim”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Emin Quliyev deyib.

45 yaşlı mütəxəssis “Qarabağ”ın Çempionlar Liqasına, “Neftçi”, “Zirə” və “Qəbələ”nin isə Konfrans Liqasına vəsiqə qazanmasına münasibət bildirib. O, xüsusən də, “Sabah”la avrokuboka vəsiqə uğrunda mübarizədən qalib ayrılan “Qəbələ”nin buna layiq olduğunu söyləyib: “Avrokubok iştirakçılarının “Neftçi”, “Zirə” və “Qəbələ” olması gözlənilməz sayılmamalıdır. Düzdür, “Sabah” da bunun üçün mübarizə aparırdı. Amma bu komanda xallar itirə-itirə getdi və nəticədə ilk “dördlük”dən kənarda qaldı. “Qəbələ”də futbolçuların əzmkarlığı, istəkli olması avrokuboklara vəsiqə qazanmasında həlledici rol oynadı. Düzü, mən də bu mübarizliyə görə onların yollanmasını istəyirdim ki, əziyyətləri yerdə qalmasın”.

Emin Quliyevin fikrincə, “Sabah” yaxşı maliyyə dəstəyi və güclü heyət fonunda ilk “dördlüy”ə düşməli idi: “Sabah”ın dünən “Sumqayıt”ı məğlub edəcəyini düşünürdüm. Oyuna baxdım. Hələ bəxtləri gətirdi ki, son dəqiqələrdə qollar vuraraq, məğlubiyyətdən qaçdılar (2:2). “Sabah” əslində o cür əcnəbilərlə, təcrübəli yerli oyunçularla avrokuboklara yollanmalı idi. Artıq üç ildir yaxşı heyətə malik olsalar da, yüksək yerlərdən birini tuta bilmirlər. Görünür, komandada nəsə var ki, alınmır”.

Futbol veteranı “Sabah”ı rusiyalı baş məşqçi Murad Musayevin çalışdırmasını da dəyərləndirib. O, yerli mütəxəssis tərəfdarı olduğunu gizlətməyib: “Azərbaycanlı məşqçilər bura gətirilən əcnəbilərdən heç də zəif işləmirlər. Əcnəbi mütəxəssis gətirilməsinin əleyhinə deyiləm. Həmin məşqçi də nəticə verməli, komandası medalçılar sırasına düşməli, avrokuboklarda heç olmasa 1-2 mərhələ keçməlidir. Yoxsa indiki kimi yer tutmayacaqsansa, elə özümüzünkülər işləsin. Onlara da vaxt verilməlidir ki, bir az təcrübə toplasın, ardından nəticə qazansın”.