Frey: “Qarabağ”la qələbəni böyük bayram kimi qeyd etməyə ehtiyac yoxdur”
10.12.2021 - 10:32
Frey: “Qarabağ”la qələbəni böyük bayram kimi qeyd etməyə ehtiyac yoxdur”

“Qarabağ”la matçda qələbəni bir qədəh şərab və ya pivə ilə qeyd etdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in yarımmüdafiəçisi Fabian Frey Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la oyunu dəyərləndirərkən deyib.

İsveçrə millisinin futbolçusu 3:0 hesablı qələbədən məmnun qaldıqlarını söyləyib. Ancaq 32 yaşlı oyunçu bunu tezliklə unutmağa çalışacaqlarını bildirib: “Layiqli qələbə qazandıq, nəticədən də razıyıq. Ancaq bunu böyük bayram kimi qeyd etməyə ehtiyac yoxdur. Çünki bazar günü ölkə çempionatında “Servett”lə vacib matçımız olacaq. Hamımız bu görüşün məsuliyyətini dərk edirik. Buna görə də “Qarabağ” üzərində zəfəri böyük şənliyə çevirməyəcəyik”.

Qeyd edək ki, H qrupunda “Bazel” 14 xalla birinci, “Qarabağ” isə 11 xalla ikinci pilləni tutaraq, turnirdə yolunda davam edib.