Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Azərbaycanda bu həftə bağlanan qış transfer pəncərəsi o qədər də hərəkətli keçmədi.
Apasport.az saytının məlumatına görə, klublar daha çox bəzi mövqelərin gücləndirilməsinə və boşalan yerləri doldurmağa çalışdı.
Planda olan və olmayan ayrılıqlar
Bu mənada ən fəal klub “Neftçi” oldu. Sabir Buqrin, Mamadu Kane kimi aparıcı oyunçular ölkəmizi tərk etdilər. Həmçinin Romen Bask da öz istəyi ilə Fransaya qayıtdı. “Ağ-qaralar” Harramiz Soareşdən, onsuz da, qurtulmağa çalışırdısa, elə Anxel Korreanın gedişi də planda var idi. Heç də yaxşı mövsüm keçirməyən son çempionda birdən-birə bu qədər ayrılıq rəhbərliyi boşalan yerləri doldurmağa vadar etdi.
Azər Salahlı və Azər Əliyevin “Neftçi”nin uzun müddətdir əziyyət çəkdiyi cinahlardakı yarasına məlhəm olacağını gözləmək olar. Əliyev sağ cinah yarımmüdafiəçisi olsa da, görünən odur ki, Samir Abasov onu müdafiədə oynatmağı düşünür. Milli üzvü isə soldakı yerini almaqla Yusuf Lavalın da işini rahatladacaq.
Transfer fəaliyyəti ilə dəyişən sistem
Aqil Məmmədovun zədələnməsi, Kamran İbrahimovun isə o yükü daşımaq iqtidarında olmaması qapıçı transferini də şərtləndirdi. Ancaq İvan Brkiç çərçivədəki problemi həll edə biləcəkmi, bunu zaman göstərəcək. Xorvatiyalı qolkiper Premyer Liqanın XV turunda “Qarabağ”la matçda o qədər də etibarlı təsir bağışlamadı.
“Neftçi”nin ən böyük problemi orta xətlə bağlı idi. Çünki Kane və Buqrinin yerinə gələnlər onlarla eyni funksiyanı daşıyanlar deyil. Məsələn, Eddi İsrafilov dayaq yarımmüdafiəçisindən çox orta sahədə körpü rolunu oynamağı sevir. Hücumameyilli yarımmüdafiəçi alınmadığından, bu işi də Xəyal Nəcəfov görməlidir. Ancaq yeni transfer edilən hücumçu Gilyerme Pato pleymeykerlik vəzifəsini də icra etməyə çalışır. Baş məşqçi Samir Abasov gənc braziliyalıya meydanda sərbəstlik vermək niyyətindədir. Üstəlik, qış transfer fəaliyyəti Abasovu taktiki sxemi dəyişməyə də məcbur etdi. Komanda artıq 3-5-2 deyil, 4-3-3 sistemindən yararlanır.
Hücumda artan alternativlər
“Neftçi”nin gücləndiyini, yoxsa zəiflədiyini zaman göstərəcəksə, Premyer Liqanın lideri “Qarabağ”ın gücünə güc qatdığını əminliklə söyləmək olar. Ağdamlılar, onsuz da, çoxdan idi qapıçı transferinə çalışırdı. Şahruddin Məhəmmədəliyevin zədələnməsi onları bu məsələdə sürətləndirdi. Gürcüstanlı Luka Quqeşaşvilinin debütü heç də pis olmadı. 23 yaşlı qolkiper bu gedişlə Şahruddini də ehtiyata məhkum edəcək. Rüstəm Əhmədzadə ilə Leandro Andrade isə hücumdakı alternativləri artırdı. Ön xətdə oyunçu bolluğu olduğundan, həm Əhmədzadə, həm də Andrade əsas heyətə düşmək üçün çox əziyyət çəkməli olacaq. Amma əminliklə söyləmək olar ki, millimizin üzvü də, portuqaliyalı pleymeyker də başda “Neftçi” olmaqla, istənilən klubumuzun heyətində görmək istəyəcəyi səviyyədə oyunçudur. Qurban Qurbanov artıq zədəli Xayme Romeronun yoxluğunu özünə dərd etməyə bilər. İcarəyə verilən Qaspar Panadero və Rahil Məmmədovun isə onsuz da, Ağdam klubunda varlığı ilə yoxluğu bilinmirdi.
Növbəti mövsüm üçün edilən transferlər
Mövsümün ilk yarısının sürpriz komandası “Qəbələ” heyətini tam şəkildə qorumağı bacaran yeganə kollektivdir. Üstəlik, 3 yeni transfer də edildi. Amma indiki mərhələdə nə Patrik Robson, nə Samet Karakoç, nə də son gündə gətirilən Ramin Dobi “qırmızı-qaralar”a istənilən köməyi göstərə bilər. Birincisi, oturuşmuş heyətə əl dəymək uğursuzluğa səbəb ola bilər. İkincisi, adıçəkilən oyunçular qış toplanışını komandanın heyətində tam keçirməyiblər. Onların kollektivə, sistemə uyğunlaşmaları vaxt tələb edəcək. Ancaq Robson və Dobi ümidləri doğrultsa, “Qəbələ”nin hücum xəttində rəqabət çox güclənəcək. Bu futbolçular daha çox növbəti mövsüm üçün gətirilib. Çünki bir çox aparıcı oyunçunun müqaviləsi yayda bitir və bəzilərinin ayrılması Robsonla Dobiyə heyətdə yer açacaq.
İki oyuna gücünü göstərən hücumçu
Mövsümü ilk “üçlük”də bitirməyi hədəfləyən “Zirə” üçün də qış fasiləsi səmərəli keçdi. Heç bir əsas heyət oyunçusu komandadan getmədi. Əvəzində dörd vacib transfer reallaşdı. Transfer pəncərəsinin son günündə “Qarabağ”dan icarəyə götürülən Rahil Məmmədov müdafiənin mərkəzi ilə bağlı narahatlığı aradan qaldırmalıdır. Çünki məşqçilər korpusunun sərəncamında bu mövqedə yalnız Dmitrio Çantakiasla Cəlal Hüseynov qalmışdı. Nemanya Andelkoviç də zədəsini sağaltdıqdan sonra müdafiədə maraqlı rəqabət yaranacaq. Ən azı o, sıraya dönənə qədər ehtiyat qüvvə kimi baş məşqçi Rəşad Sadıqovun seçim imkanını genişləndirəcək.
Portuqaliyadan gələn Hamidu Keyta qısa müddətdə artıq komandanın gücünə güc qatmağı bacardı. Azərbaycan kubokunun 1/4 final və Premyer Liqanın XV tur matçı fransalı vingerin keyfiyyətini ortaya qoyması üçün kifayət etdi. Olduqca sürətli olan sol vinger ön xətdə komanda yoldaşları ilə bir-birini tanıdıqdan sonra rəqib müdafiəçilər üçün daha təhlükəli olacaq. Hamidunun gəlişi Davit Volkovun da qol yükünü azaldacaq. Ahmed Ayzaya və Brayan Alseusun isə uğurlu, yoxsa uğursuz transfer olduğunu söyləmək üçün çox tezdir.
Köhnələrlə davam, yenilər gözləyir
Mövsümün ilk yarısındakı uğursuz çıxışdan sonra “Sabah”da ciddi dəyişikliklərin olması gözlənilirdi. Lakin yeni baş məşqçi Murad Musayev hazırkı kollektivlə də ciddi işlər görməyin mümkünlüyünü qısa müddətdə sübuta yetirdi. Milli üzvlərinin çoxluq təşkil etdiyi paytaxt təmsilçisi qış fasiləsində yalnız heyəti genişləndirməklə məşğul oldu. Saşa Stamenkoviçin yaşı və fiziki durumu artıq davam etməyə imkan vermirdisə, Petar Skuletiç şəxsi səbəblərdən ayrıldı. Əvəzində 3 yeni oyunçu transfer olundu. Ancaq nə Kristian da Silva Fil, nə Hiqor Qabriel, nə də yeni qapıçı Aleksandr Neçayev ilin ilk iki qarşılaşmasında debüt imkanı qazandı. 2022-ci ilə uğurlu başlanğıc edən bakılılarda bu transferlərin özünü doğrultması komandanın gücünə yalnız əlavə güc qatar.
Zəifləyən autsayderlər
Cari mövsümün autsayderləri “Sumqayıt”, “Keşlə” və “Səbail”in əlahiddə bir iş görməyəcəyi məlum idi. Xüsusən də, paytaxt təmsilçilərində gedənlərlə gələnləri müqayisə etsək, onların daha da zəiflədiyini görmək olar. “Sumqayıt” isə futbolçu yox, baş məşqçi transferi ilə hamını təəccübləndirdi. Aleksey Baqanı “kimyaçılar” üçün qışın keçidi saymaq olar. Ancaq Vüqar Bəybalayev, Elşən Abdullayev, Araz Abdullayev kimi oyunçuları gətirməklə nəyəsə nail olmaq arzusu reallığa uyğun deyil. Baqa yalnız sələfi Ayxan Abbasovun gördüyü işi təkrarlayarsa, “Sumqayıt”la nəsə edə bilər. Ancaq bunun üçün ona, bəlkə də, bir neçə il vaxt lazımdır.
Ruslan Sadıqov
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur