İlkin Qırtımov: “Kor desəydim, qırmızı vərəqə verməyə haqqı çatardı”
08.02.2022 - 16:16
İlkin Qırtımov: “Kor desəydim, qırmızı vərəqə verməyə haqqı çatardı”

“İkinci sarıya etirazım yoxdur, ancaq ilk sarı vərəqəyə çox təəccübləndim”.

Bunu apasport.az saytına açıqlamasında “Keşlə”nin kapitanı İlkin Qırtımov Azərbaycan Premyer Liqasının XV turunda “Zirə” ilə oyunda qırmızı vərəqə almasına münasibət bildirərkən deyib.

Komandanın doğma arenasında 0:1 hesabı ilə məğlub olduğu görüşün 35 və 39-cu dəqiqələrində sarı vərəqə alaraq meydandan qovulan 32 yaşlı müdafiəçi baş hakim İnqilab Məmmədovun qərarı ilə razılaşmayıb. O, birinci epizodda sarı vərəqəlik heç nə olmadığını düşünür: “Klub rəhbərliyinə deyiblər ki, guya söyüş söymüşəm, ona görə sarı vərəqə veriblər. Söyüş söymüşəmsə, birbaşa qırmızı vərəqə niyə göstərmirsən? Hamı gördü ki, həmin epizodda rəqibin oyunçusu qolumdan kapitan sarğısını çıxardı. Bir kəlmə bildirdim ki, görürsən sarğını qolumdan çıxarır, bir bax da. Deyir ki, görürəm, amma oyunu saxlamır. Qapımıza qola gedirlər, nəsə deməliyəm, ya yox? Desəydim ki, korsan, onda qırmızı vərəqə göstərməyə haqqı çatardı. Hakimlər adətən kapitanlara deyir ki, komanda yoldaşlarınızı sakitləşdirin, bizə kömək edin. Yəni biz bir növ meydanda onlara da kömək oluruq. Əgər bir kəlmə sözümü keçmirsənsə, bəs mən niyə sənə kömək edim?”.

Qırtımov qış fasiləsindən sonra keçirdikləri ilk iki oyunda fərqli mübarizə ortaya qoyduqlarını söyləyib: “Bilirsiz ki, qış toplanışını Bakıda keçdik, bunun müəyyən çətinlikləri var. Yeni əcnəbi futbolçular da gətirməmişik. Buna baxmayaraq, ölkə kubokunun 1/4 final mərhələsində “Qarabağ”la keçirilən ilk oyunda uşaqlar vuruşdular, can qoydular. 0:1 hesabı ilə uduzsaq da, özümüzə inam yarandı. Amma “Zirə” ilə oyun nəsə bizdə alınmadı. “Qarabağ”la matçdakı mübarizə ilə dünənki üst-üstə düşmədi. Düzdür, qırmızı vərəqənin təsiri oldu. Ancaq ona qədər də alınmırdı”.

Azərbaycan millisinin sabiq üzvü fevralın 11-də “Qarabağ”la keçiriləcək cavab qarşılaşması barədə də fikirlərini bölüşüb: “Razıyam ki, “Qarabağ”ı keçmək çətindir, amma mümkünsüz deyil. Desəm ki, komandamızda hamı səviyyəli oyunçulardır, yalan olar. Hamı eyni gücdədir. Yalnız bir yolumuz var – vuruşmaq. Başqa cür qalib gəlmək mümkün deyil”.