“Qarabağ”ın müdafiəçiləri Konfrans Liqasının ən yaxşıları sırasına düşüb.
Apasport.az saytının məlumatına görə, kapitan Maksim Medvedev və digər arxa xətt oyunçusu Kevin Medina ən çox hücum “kəsən” müdafiəçilər arasındadır.
Qrup mərhələsinin 6 oyununda ümumilikdə 51 dəfə rəqib hücumunun qarşısını alan Maksim bu göstəricidə ikinci yeri tutub. Medina isə 44 uğurlu müdaxilə ilə 5-ci olub. Bu baxımdan “Yablonets”in müdafiəçisi Yaroslav Jeleni (61 müdaxilə) hamını qabaqlayıb.
Baş tutan görüşlərdə 19 zərbəyə macal tapan “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes 3-cü yeri bölüşüb. Azərbaycan klubunun qapısından 2 top keçirən “Bazel”in hücumçusu Kabral 21 zərbə ilə birinci olub.
Çərçivəyə düşməyən zərbə sayında isə hərəyə 8 uğursuz cəhdlə yadda qalan Kadi ilə hücumçu İbrahima Vadji 4-cü yeri bölüşüb. Boqresin 6 həmləsinin qarşısını isə rəqib müdafiəçiləri kəsib. Zərbəsi “blok”la qarşılanan oyunçuların sıralamasında o, bir neçə futbolçu ilə ilk sırada qərarlaşıb.
Ümumilikdə 47 künc zərbəsi yerinə yetirən “Qarabağ”da yarımmüdafiəçi Filip Ozobiç bunun 26-da topun arxasına keçib. O, bu mənada 3-cü pillədə özünə yer edib.
Təmsilçimizin yarımmüdafiəçisi Patrik Andrade 14 dəfə rəqibi folla dayandırıb ki, yalnız 3 oyunçu ondan daha kobuddur. Turnirin ən çox kobudluğa məruz qalan futbolçusu isə Kadi Borqes olub (19).
Qeyd edək ki, Konfrans Liqasının H qrupunu 11 xalla ikinci pillədə tamamlayan “Qarabağ” pley-offa vəsiqə qazanıb.