“Qarabağ”ın “Marsel”lə ilk oyununa baxdım. Komandamız rəqiblə başabaş mübarizə apardı”.
Bunu apasport.az saytına açıqlamasında “Turan”ın keçmiş prezidenti Vidadi Əhmədov Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Marsel” – “Qarabağ” oyununu dəyərləndirərkən deyib.
Sabiq futbol funksionerinin fikrincə, Fransa klubunun 3:1 hesabı ilə qalib gəldiyi görüşdə meydan sahibləri tam güclərini ortaya qoymayıblar: “Məndə elə təəssürat yarandı ki, “Marsel” Fransadakı görüşdə istədiyi vaxt hücuma keçib qol vura bilirdi. Sanki futbolçuları özlərini qoruyurdu, çox güc sərf eləmək istəmirdilər. Ancaq “Qarabağ” da onlardan zəif oynamadı. Sadəcə, hücumları qola çevirmək alınmırdı”.
Vidadi Əhmədov bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq cavab qarşılaşmasında Azərbaycan təmsilçisinin qələbə qazanmaq ehtimalının yüksək olduğunu düşünür: “Bu gün həm meydança, həm də azarkeş amili “Qarabağ”ın xeyrinə olacaq. Azarkeş 12-ci oyunçu deməkdir. Yəni “Qarabağ” burada 12 nəfərlə oynayacaq. Bu üstünlükdən yararlanıb, uğurlu nəticə əldə etmək olar”.
Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyunu saat 21:45-də start götürəcək.