Premyer Liqamızda qış fasiləsindən sonrakı ilk tur “köhnə hamam, köhnə tas” atalar sözünü xatırlatdı.
Apasport.az saytının məlumatına görə, hakim səhvləri və məşqçi narazılıqları qaldığı yerdən davam etdi.
Xüsusən də, prinsipial rəqiblər olan “Neftçi” ilə “Qarabağ” arasındakı görüşdə Kamal Umudlu elə səhvə yol verdi ki, heç həvəskar onu eləməzdi. Oyunun 58-ci dəqiqəsində Riçard Almeyda elə kobudluğa yol verdi ki, cəsarətli hakim komandasının adına, nüfuzuna baxmadan ona birbaşa qırmızı vərəqə göstərərdi. Gilyerme Patonu dirsək zərbəsi ilə yerə sərən milliləşmiş futbolçunun həmin vaxt passivində sarı vərəqə də var idi. Yəni Almeyda minimum ikinci sarı ilə meydandan qovulmalı idi.
Maraqlısı burasındadır ki, Umudlu gec də olsa fitini çaldı, cərimə zərbəsi təyin etdi. Yəni o elə epizod idi ki, kobudluq qeydə almısansa, cibindən azı sarı vərəqə çıxarmalısan. Yox, əgər vərəqə verməyə cəsarətin çatmırsa, o zaman oyunu saxlamamalısan, sonra da deyərsən ki, görmədim. Üstəlik, baş hakim özü də, laynsman da, hətta 4-cü hakim də epizoda yaxın idi. Nə hikmətsə, heç biri görmədi. Kamal Umudlu isə “Neftçi”nin texniki zonasındakı qışqır-bağırdan sonra fitini çaldı. Referinin gücü “Neftçi”nin baş meneceri Qədir Həsənovu qovmağa çatdı.
Hadisə baş verəndə “Qarabağ” 1:0 hesabı ilə öndə idi. Yəni ağdamlılar yarım saatdan çox azlıqda oynamalı olacaqdı. Bu, “Neftçi”nin ən azı bərabərlik topunu vurmaq ehtimalını artırır. “Qarabağ” rəqibindən güclü, nüfuzlu ola bilər. Amma bu, hakimə qorxaq qərar üçün əsas vermir. Bəli, “Neftçi” üçün çempionluq şansı çoxdan bitib. Amma düşünün ki, “Neftçi” mövsümü ilk “üçlük”dən 1-2 xallıq fərqlə geridə bitirir və avrokuboklara gedə bilmir. Bunun da babalı Kamal Umudlunu belə ağır oyuna təyin edən AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlikin boynuna.
Gənclərə güvənmək yaxşı haldır. Amma hər şeyin də öz yeri var. Avstriyalı belə taleyüklü matçlara təyin etməklə o gəncləri də oda atdığının fərqində deyil? Axı sərəncamında bu işin altından çıxa biləcək təcrübəlilər də var.
Yaxşı olardı Ştuxlik Azərbaycan derbisinə niyə məhz Kamal Umudlunu təyin etdiyinin səbəbini açıqlasın və Riçard Almeydanın epizodunu dəyərləndirsin. Bir anlıq unutmuşduq. Axı o, hakimlik haqda danışmır. Çünki danışsa belə, müdafiə edəcək bir tərəfləri olmadığını gözəl bilir.
Həqiqət budur ki, Azərbaycan futbolunun digər qolları kimi, hakimlik də AFFA tərəfindən məhvə sürüklənir. Öyünə biləcəyimiz bir “Qarabağ” var, imkanları olsa ona da mane olarlar...
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan