“Oyun bizim üçün yaxşı keçdi. Mübarizə apardıq”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Kosenko Azərbaycan yığmasına qarşı keçirilən yoxlama görüşündən sonra deyib.
O, 5:1 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb: “Matçın bir hissəsini beş oyunçu ilə keçirdik. Bu da taktiki tapşırıq idi. Əlbəttə, bu bir yoldaşlıq oyunu idi. Bu matça görə Avropa çempionatının final mərhələsi üçün hansısa komandanı şanslı, digərini zəif adlandırmaq olmaz. Hər iki tərəf səhvlərini, zəif tərəflərini müəyyənləşdirməyə çalışdı. Sparrinq-rəqiblərin güclü olması da bu baxımdan faydalıdır. Final mərhələsində hamının şansları var. Ora üçün tapşırıqlar fərqli olacaq. Hər iki oyunda qələbə qazansaq da, komandamın tam hazır olduğunu deyə bilmərəm. Çünki yoldaşlıq oyunlarına yanaşma fərqli, bəzən isə bu görüşlərdə alınan nəticələr aldadıcı olur”.
Qeyd edək ki, dünənki ilk matçda ukraynalılar 4:0 hesablı qələbə qazanıb.