“Beş komandalı qrupda 9 xal toplamaq yığma tariximizin ən böyük uğurudur”.
Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Luk Holts DÇ-2022-nin seçmə mərhələdə göstərdikləri nəticəni dəyərləndirərkən deyib.
Noyabrın 11-də Azərbaycan millisini 3:1 hesabı ilə məğlub edən Lüksemburq 9 xalla A qrupunu 4-cü pillədə başa vurub. Holts yerli mətbuata açıqlamasında komandasını yığmamızla müqayisə edib: “Çətin qrupa düşmüşdük. Azərbaycan üzərində Bakıda 3:1 hesablı qələbə düzgün yolda olduğumuzu açıq şəkildə göstərdi. Rəqib fiziki cəhətdən bizdən üstün idi. Ancaq oyun baxımından biz onlardan güclüyük. Qrupda Azərbaycanın 1, bizim isə 9 xal toplamağımız hər şeyi deyir”.
Qeyd edək ki, millimizin sonuncu yeri tutduğu qrupu zirvədə tamamlayan Serbiya dünya çempionatına birbaşa vəsiqə qazanıbsa, ikinci olan Portuqaliya pley-offda oynayacaq.