“Son illər daha çox mərkəz hücumçusu kimi oynamışam. Klassik hücumçu”.
Apasport.az saytının məlumatına görə, bunu Zaqreb “Dinamo”sunun azərbaycanlı futbolçusu Mahir Emreli Xorvatiya mətbuatına açıqlamasında deyib.
25 yaşlı forvard “Legiya”dan yeni transfer olunduğu komandada hücumun istənilən mövqeyində oynamağa hazır olduğunu söyləyib: “Heç vaxt yalnız cərimə meydançasında qalmadım, top üçün qayıtmağı, boşluq açmağı, məhsuldar ötürmə verməyi xoşlayıram. Sağa-sola hərəkət edirəm. Bəzən bu, məşqçilərin xoşuna gəlmir. Belə oyuna səbir etmirlər. Amma sağda da, solda da oynaya bilərəm, problem deyil. Klassik ön xətt oyunçusu kimi özümü yaxşı hiss edirəm. Sağ və ya sol cinahlarda oynadığım zaman da hər şey yaxşı olur”.
Emreli ən böyük üstünlüyünün sürəti olduğunu düşünür: “Gizli silah olub-olmadığını bilmirəm, amma müdafiəçilərdən yayınmağıma kömək olan yaxşı sürətə sahib olduğumu düşünürəm. Yeri gəlmişkən, mən bir anda qərarlar verirəm”.
Qeyd edək ki, Mahir Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.