“Bir neçə təklifim var idi. Amma eşidəndə ki, “Dinamo” məni istəyir, başqa variant ağlımıza gəlmədi, onları dərhal unutduq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”suna keçidini dəyərləndirərkən deyib.
25 yaşlı hücumçu təklif aldığı zaman ailəsi ilə məsləhətləşdiyini, lakin özünün də bütün düşüncəsinin “Dinamo”ya keçmək olduğunu söyləyib: “Anam futbolu çox yaxşı bilir. O, futbolu sevir. Ailədə müzakirə apardıq, dayımla, qardaşım hesab etdiyim onun oğlu, bacımla... Hamı “Dinamo”ya keçməyimin lehinə idi. Söhbətə başlamamış onlara dedim ki, sizinlə danışacağam, amma dərhal susun (gülür). Birinci variantım “Dinamo”, ikinci variantım “Dinamo”, üçüncü variantım “Dinamo”dur”.
Mahir Zaqrebdə tək qalmayacağını, ailəsinin yanında olacağını sözlərinə əlavə edib: “Dayım oğlu ilk gündən yanımdadır. Bacım iki gün əvvəl gəldi. Anam isə bir həftədən sonra burada olacaq. Hələ mənzil tapmamışam, anamın gəlməsini gözləyirəm. Bacım Milanda oxuyur, tez-tez Zaqrebə gələcək. Anam bir müddət Zaqrebdə, bir müddət Bakıda qalacaq. Dayım oğlu isə həmişə yanımda olacaq”.
Qeyd edək ki, “Legiya”dan azarkeşlərlə problem yaşadığı üçün ayrılan Mahir Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.