“Millinin heyətində ilk rəsmi oyunumu 2017-ci ildə Robert Prosineçkinin rəhbərliyi altında Norveçə qarşı oynamışam”.
Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan yığmasının hücumçusu Mahir Emreliyə məxsusdur.
Zaqreb “Dinamo”sunun futbolçusu Xorvatiya mətbuatına müsahibəsində bu ölkənin əfsanəvi futbolçularından sayılan Robert Prosineçki barədə xatirələrini bölüşüb. Emreli yaxın keçmişdə millimizə rəhbərlik etmiş Prosineçki haqda ağızdolusu danışıb: “Prosineçki birinci dəfə məni San Marino ilə oyuna apardı, sonra Qətərə yoldaşlıq matçı var idi. Dünya çempionatının seçmə mərhələsində Norveçlə görüşdən əvvəl mənə dediklərini heç vaxt unutmayacağam. 19 yaşım var idi və çox həyəcanlı idim. O, bunu hiss etdi və nahardan sonra məni kənara çağıraraq dedi ki, səbirli ol, sərbəst oyna. Əlavə etdi ki, dünyada heç nə futbolçu olmaq qədər gözəl deyil, futbol başqa işlərə bənzəmir. Mənə meydanda olduğum anlardan həzz almağı tapşırdı və bildirdi ki, gəncsən, qorxu haqda heç düşünmə. O sözləri bu gün də xatırlayıram və bir növ motivasiya kimi istifadə edirəm. Prosineçki ilə artıq əlaqəmiz yoxdur, amma hərdən xatırlayıram. Azərbaycanda hamı onun üçün darıxır. Heç vaxt seçmə mərhələlərdə favorit olmasaq da, onun rəhbərliyi altında çox yaxşı oynadıq, kifayət qədər irəlilədik”.
Hücumçu Canni de Byazidən əvvəl millimizi çalışdıran digər xorvatiyalı mütəxəssis Nikola Yurçeviçi də tərifləyib: “Yurçeviç böyük insan və məşqçidir. Təəssüf ki, uzun müddət millidə qalmadı, cəmi bir il bizimlə birlikdə oldu. Onun dönəmində Macarıstana qol vurmuşdum, Xorvatiyaya qarşı da yaxşı oynamışam. Yurçeviç futbolçuları çox yaxşı başa düşürdü, onlara daim dəstək verirdi. Mən ona daha yaxın oldum, özünə və ailəsinə hörmət edirəm”.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə, Nikola Yurçeviç isə 2019-cu ildə Azərbaycan millisini çalışdırıb.