“İndi nəsə demək çətindir. Həm “Legiya” tarixində, həm də çoxumuzun karyerasında ilk dəfədir belə hal yaşanır”.
Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın azərbaycanlı futbolçusu Mahir Emreli Polşa Ekstraklasasının XVIII turunda Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətdən sonra turnir cədvəlinin axırıncı pilləsinə düşmələrinə münasibət bildirərkən deyib.
24 yaşlı forvard uğursuz çıxışa görə üzr istəyib. O, yararlana bilmədiyi qol imkanı barədə də danışıb: “Həddindən artıq çox oyunda uduzmuşuq. Belə bir seriyanı xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, onunla razı olmaram. Top iki metrdən qapıya girmirsə, buna nə deyə bilərsiniz? Mənim əlimə düşən imkandan istifadə etmək üçün top-oyunçu olmaq lazım deyil. Daha nə deyəcəyimi bilmirəm. Mən ancaq üzr istəyə bilərəm. Bilirəm ki, indi üzr istəmək azarkeşlərimiz üçün bir şey deyil. İlin sonuna qədər iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.
Qeyd edək ki, “Visla” ilə görüşdə start heyətində meydana daxil olan Mahir Emreli 74-cü dəqiqədə əvəzlənib. “Legiya” hazırda 12 xalla sonuncu pillədə qərarlaşır.