Mahir Emrelinin sabiq baş məşqçisi “Qarabağ”ın oyunu üçün Fransada
17.02.2022 - 10:57
Mahir Emrelinin sabiq baş məşqçisi “Qarabağ”ın oyunu üçün Fransada

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə ilk oyunu seleksiyaçıların və məşqçilərin də diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, qarşılaşmaya azarkeş marağı az olsa da, futbolçuları izləmək üçün bir çox ölkədən Fransaya mütəxəssis yollanıb.

Ancaq məqsəd “Qarabağ”ın yox, “Marsel”in oyunçularını seyr etməkdir. “Velodrom” stadionundakı görüşə tribunadan tamaşa edəcək məşqçilərdən biri də Polşa millisinin çalışdırıcısı Çeslav Mixneviçdir. Cari mövsümün əvvəlində “Legiya”da millimizin hücumçusu Mahir Emreliyə rəhbərlik edən 52 yaşlı məşqçinin məqsədi Arkadiuş Milikin nə durumda olduğunu görməkdir.

İngiltərədə bir neçə polşalı oyunçunun çıxışına tamaşa edən Mixneviç bu dəfə “Marsel”in forvardı üçün Fransaya gedib. Mixneviçin bundan sonrakı dayanacağı isə İspaniya və Türkiyə olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.