Menecerin “Şerif” peşmanlığı: “Avropaya çıxması üçün özünə dəfələrlə dedim, getmədi”
09.01.2022 - 16:56
Menecerin “Şerif” peşmanlığı: “Avropaya çıxması üçün özünə dəfələrlə dedim, getmədi”

“Zirə”nin kapitanı Ağabala Ramazanov mövsümün sonuna qədər komandada qalacaq.

Bu barədə apasport.az saytına 29 yaşlı hücumçunun qardaşı Zaur Ramazanov məlumat verib.

Qardaşının həm də menecerliyini edən 46 yaşlı mütəxəssis heç bir təklifin olmadığını, Ağabalanın yaya qədər olan müqaviləsinə sadiq qalacağını söyləyib. O, iki il əvvəl Moldova klubu “Şerif”dən gələn təklifi isə hələ də unutmadığını bildirib: “Həmin “Şerif” bu mövsüm Çempionlar Liqasında çıxış etdi. Ağabalanın onlarla anlaşması üçün moldovalılar məni dəng eləmişdilər. Avropaya çıxması üçün özünə dəfələrlə dedim, ancaq getmədi. Mən özüm də getməməyinə təəccüblü qaldım. Hər gün dedi ki, bir az fikirləşim. Ancaq onlar da çox gözləmirlər, kiminsə tərəddüd etdiyini görəndə başqası ilə anlaşırlar”.

Zaur Ramazanov qardaşının “Şerif”ə yollanmamasının yanlış addım olduğunu etiraf edib: “Ağabalanın “Şerif”ə getmədiyi üçün peşman olub-olmadığını bilmirəm. Amma getməli idi. Moldova klubunun bu mövsümdəki uğurlu çıxışını qardaşıma tez-tez deyirəm ki, haradan imtina etdiyini görsün. Övladı təzə doğulmuşdu, bəlkə də, ona görə getmədi”.

Qeyd edək ki, 2020-ci ildən “Zirə”nin formasını geyinən Ağabala Ramazanov cari mövsüm Premyer Liqada keçirdiyi 14 oyunda 2 qol vurub.