Meza Kolli: “Tərlan Əhmədov Azərbaycanın ən güclü məşqçisidir” - MÜSAHİBƏ
27.12.2019 - 17:18
Meza Kolli: “Tərlan Əhmədov Azərbaycanın ən güclü məşqçisidir” - MÜSAHİBƏ

“Keşlə”nin futbolçusu Sezar Meza Kollinin apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasında ilk yarı başa çatdı. “Keşlə” üçün arxada qalan hissəni necə dəyərləndirirdiz? Daha yaxşı çıxış etmək mümkün idimi? 
- Məncə, çıxışımız normal oldu. Çempionatın ilk yarısında məqsədimiz Avropa Liqası zonasında yer almaq idi. Mövsümün ikinci yarısı daha çətin olacaq. Amma biz hər zaman daha yüksək yerlər üçün, daha yaxşı nəticələr üçün oynayırıq. Çalışacağıq ki, çempionatın ikinci yarısında da istəyimizə çataq.

- Komanda ilin son oyunlarını məğlubiyyətlə başa vurdu. Ölkə kubokunun 1/4 final mərhələsində “Qarabağ”a hər iki oyunda uduzduz. “Qarabağ” səddini keçmək o qədər çətin idi? 
- Əslində, biz də bu oyunlarda uğurlu çıxış etmək istəyirdik. Amma biz konsentrasiyamızı itirdik. Artıq həmin oyunlar geridə qalıb və ona görə də həmin matçlar haqda düşünmürəm. Hazırda düşündüyüm, qış təlim-məşq toplanışını daha yaxşı səviyyədə keçirib, mövsümün ikinci yarısına tam hazır olmaqdır.

- Sanki komanda kubokda mərhələ keçmək istəmirdi. Çünki ölkə çempionatında “Qarabağ”la 2:2 oynayan komandakı ruhu kubok oyunlarında görmədik. Bəlkə əsas fikrinizi çempionata yönəltmisiniz?
- Kubok artıq bizim üçün başa çatıb. Biz indi yalnız ölkə çempionatı haqda düşünürük. 

- Komanda qışdan sonra ən azı “üçlük”də qala biləcək, yoxsa bunun üçün çox güclənməlisiniz?
- Futbolçu almaq, oyunçuları izləmək texniki heyətin işidir. Mənim bu ana olan düşüncəm, ailəmlə yaxşı istirahət keçirməkdir. İnanıram ki, komandamıza gələcək yeni oyunçular tez bir zamanda kollektivə öyrəşəcək və “Keşlə”yə xeyir verəcək.

- Tez-tez “Keşlə”nin heyətinin kasad olduğu deyilir. Sizcə, heyət daha geniş olsaydı, “Keşlə” çempionluq mübarizəsinə qoşula bilərdi?
- İndi də bizim çox yaxşı futbolçularımız var. Ancaq yeni oyunçular gələcəyi halda kollektivdəki rəqabət daha da güclənəcək, komandamız da bundan xeyir görəcək. 

- Amma konkret demədiz, qışda bir neçə transfer etməlisiniz, yoxsa... 
- Bu məsələləri klub prezidenti və baş məşqçi bilir. Yeni oyunçular gəlsə, komandaya güc qatacaq və tezliklə kollektivə uyğunlaşmaları üçün çalışacağıq.

- Maraqlı məqam odur ki, Sezarsız “Keşlə” oyunlarda çətinlik çəkir. Bunun səbəbi nədir?
- Bəlkə də belədir. Amma komanda tək bir oyunçudan ibarət olmalı deyil. “Keşlə”də özümü çox rahat hiss edirəm. Tərlan Əhmədov və komanda yoldaşlarım da mənə güvən verir, daha yaxşı oynamağıma sövq edir.

- Bir məsələ də var ki, oyunuz alınanda çox effektli çıxış edirsiz. Amma alınmayanda qırmızı vərəqə almağa meylli olursuz. Buna necə izah verərdiz?
- Bu, bəzən elə xarakterimin göstəricisidir. Həmişə qazanmaq istəyən və uduzmağı sevməyən biriyəm. Ola bilər ki, məhz bu amil yaxşı qəbul edilmir. Amma qışa qədər iki qırmızı vərəqə almağım bir mövsüm üçün yetərlidir (gülür).

- Çempionluq mübarizəsi “Qarabağ” və “Neftçi” arasında gedir. Bu yarışda özünüzü görmək istəyirsiz? Hansı komandanı çempionluğa iddialı hesab edirsiz?
- Mən “Neftçi” və “Qarabağ” haqda əsla düşünmürəm. Fikrimdə olan “Keşlə”dir və onlar üçün əlimdən gələni etməyi düşünürəm. Ümid edirəm ki, Avropa Liqasına vəsiqə verən yerdə olacağıq. 

- Təklifləriniz var? Heç “Qarabağ” və ya “Neftçi” kimi klublarda oynamaq haqda düşünmüsüz?
- Düzünü desəm, karyeramı “Keşlə”də davam etdirmək istəyirəm. Amma görək də, yanvarda necə olacaq. İndi mənim istəyim bu komandada qalmaqdır.

- Komandanızın baş məşqçisi Tərlan Əhmədovun adı Azərbaycan yığmasına namizəd göstərilir. Bu barədə nə fikirləriniz maraqlıdır. 
- Çox istəyərdim ki, Tərlan Əhmədov Azərbaycan millisinin baş məşqçisi olsun. Çünki mənə görə o, Azərbaycanın ən güclü məşqçisidir. Təbii ki, yığma üçün ən yaxşı seçim hansıdır, o da edilməlidir.

- Hazırda Azərbaycanda sizinlə yanaşı, üç paraqvaylı – Lorenzo Frutos və Xulio Rodriqes çıxış edir. İstirahəti birgə etməyiniz mümkündürmü?
- Mən daha çox Tito ilə danışıram. Çünki biz onunla birlikdə məşq edirik. Demək olar ki, hər gün bir yerdəyik. Bu da mənim üçün böyük dəstəkdir.
 

0
Sezar Meza Kolli Keşlə Tərlan Əhmədov