Məşqçilər Komitəsinin üzvündən həyəcan siqnalı: “Bunu etsək, təşviş yaranar”
11.05.2022 - 12:31
Məşqçilər Komitəsinin üzvündən həyəcan siqnalı: “Bunu etsək, təşviş yaranar”

“Bizdə legioner limiti vaxtilə 7+4 və 8+3 də olub. Ancaq birdən-birə legioner limitini ləğv edə bilmərik. Bunu etsək, təşviş yaranar”.

Bunu apasport.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov 6+5 legioner limitinin qüvvədə saxlanılmasına münasibət bildirərkən deyib.

75 yaşlı mütəxəssis AFFA-ya bununla bağlı proqram təqdim etdiklərini söyləyib: “Məşqçilər Komitəsi AFFA-ya 3 illik proqram təqdim etmişdi. Birinci illə bağlı təklifimiz 6+5-i saxlamaq şərtilə U-21 limitinin ləğvi idi. Ancaq Premyer Liqada komanda sayı artmasa, limiti dəyişib-dəyişməməyin heç bir xeyri olmaz. İkinci ildə əvəzedici heyətlərin I diviziondan ayrılmasını və özlərinin çempionatının təşkilini istəyirik. I divizionla əvəzedicilərin çempionatlarının ayrılması da maliyyədən asılıdır. Birinci liqaya bölgələrdən komandalar lazımdır. Belə komandalar var, amma stadionları, bazaları, məşq üçün şəraitləri yoxdur. Şərait olmayan yerdə inkişaf etmək də mümkün deyil. Bu məsələ yaxın gələcəkdə gündəmdə olacaq. Artıq üçüncü ildə legioner limitinə baxmaq olar. Rəhbərliyə bu yöndə plan vermişik. Legioner limitinin 7+4 olmasını təklif edənlər var idi. Amma bunun indi yığmaya mənfi təsiri ola bilər”.

Mircavadov 21 yaşadək oyunçularla bağlı limitin ləğvinin də düzgün qərar olduğunu düşünür: “U-21-lə bağlı limitin ləğvinin komanda sayının artması ilə üst-üstə düşməsi yerində qərar oldu. Belədə gənclər də özlərinə klub tapa biləcəklər. U-21-lə bağlı limit Bernard Lippertin dönəmində qoyuldu. Ancaq gənc futbolçularda get-gedə arxayınlıq yarandı. Arxayınlıq olmayanda Toral Bayramov, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev kimi oyunçular üzə çıxdı. Digər klublarda da heyətə düşən gənclər mövcuddur. Belədə limit tətbiq etməyə nə ehtiyac var? Limit qoyulanda gənclərdən biri oynayır, birini də əvəzedici heyətə buraxmırlar ki, əsas heyətdə olan oyunçu zədələnə bilər. Nəticədə qalır ehtiyatda, il ərzində heç 20 oyun keçirə bilmir. Bütün bunları təhlil etdik, futbolçuların niyə cavan yaşda yoxa çıxdığını araşdırdıq. Artıq güclü olan əsas heyətdə çıxış edəcək, heç kim də itməyəcək. Limitin ləğvi cavanların arxayınlığına da son qoyacaq. Məncə, bu qərar klub məşqçilərinə xeyirdir”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi aprelin 29-dakı iclasında legioner limitinin 6+5 sistemi ilə tətbiqinin davam etdirilməsini və gənc futbolçular üçün yaş limitinin ləğv olunmasını qərara alıb.