Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyədə növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun formasını geyindiyi “Bursaspor” TFF I Liqasında XX tur matçına çıxıb.
Bursa təmsilçisi turnir cədvəlində ilk “6-lığ”a iddia edən “Adanaspor”un qonağı olub. Qarşılaşma həm “Bursaspor”, həm də Ələskərov üçün uğursuz alınıb. Xüsusən də, ikinci hissənin startı həlledici olub. Əvvəlcə “Adanaspor” hesabı açıb, 53-cü dəqiqədə isə bursalılar meydanda azlıqa qalıb.
Görüşə ehtiyatdan başlayan Namik 59-cu dəqiqədə mübarizəyə qoşulub. Onun meydanda olduğu müddətdə komandası daha 2 top buraxaraq, məğlub olub. 79-cu dəqiqədə məhz həmyerlimizin kobudluğu ev sahiblərinə penalti qazandırıb və bu “kömək” adanalıların 3-cü dəfə fərqlənməsinə şərait yaradıb.
Namik bu hərəkətinə görə, sarı vərəqə ilə də cəzalandırılıb. “Bursaspor”un gücü isə 84-cü dəqiqədə Massimo Bruno ilə təsəlli qoluna çatıb – 1:3.
Bu yenilgidən sonra “Bursaspor” aktivindəki 19 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.