Azərbaycan millisinin futbolçuları Türkiyə TFF I Liqasında növbəti oyunlarını keçiriblər.
Apasport.az saytının məlumatına görə, Namik Ələskərov “Bursaspor”un, Vüsal İsgəndərov isə “Keçiörengücü”nün heyətində XXI tur matçına çıxıb.
Ələskərovun komandası 3-cü pillənin sahibi “Erzurum BB”ni qəbul edib. Namikin start heyətində meydana çıxdığı və 90 dəqiqəni əvəz edilmədən keçirdiyi qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
“Keçiörengücü”nün liderlər qrupunda olan digər komanda “Eyüpspor”la ev oyununda da qol qeydə alınmayıb. Vüsal isə görüşə ehtiyatdan başlayıb və 54-cü dəqiqədə mübarizəyə qoşulub.
Bu nəticələrdən sonra “Keçiörengücü” 23 xalla 14-cü, “Bursaspor” isə 20 xalla 17-ci pillədə qərarlaşır. Növbəti tur çərçivəsində yanvarın 23-də “Keçiörengücü” “Adanaspor”un, “Bursaspor” isə “Eyüpspor”un qonağı olacaq.