Azərbaycan avrokuboklarda mövsümün ikinci yarısında debüt edib.
Apasport.az saytının məlumatına görə, qrup səddini adlayan ilk komanda kimi ölkə futbol tarixinə düşən “Qarabağ” yeni raunddakı debütü uğursuz alınıb.
Qurban Qurbanovun yetirmələri Fransadakı ilk oyunda “Marsel”ə 1:3 hesabı ilə uduzub. Bu, avrokuboklar tarixində ilk oyunda aldığımız səfərdəki 6-cı belə məğlubiyyətdir.
1994-cü ildə qitə səhnəsinə çıxan klublarımız indiyədək 5 dəfə ilk görüşü meydan sahiblərinə 1:3 hesabı ilə uduzub. Bu 5 duelin heç birində Azərbaycan klubu mərhələ adlamağı bacarmayıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qrup mərhələsindən sonrakı raundda debütündə 15 il əvvəli xatırladıb. 2007-ci ildə avrokuboklarda baş məşqçi kimi debüt edəndə də onun komandası səfərdə 1:3 hesabı ilə uduzub.
Həmin vaxt “Neftçi” Avstriyada uduzduğu “Rid”i Bakıda keçməyə yaxın olsa da, bu vəzifənin öhdəsindən gəlməyib. Bu, təmsilçilərimizin 1:3-dən sonra evdə qazandığı ilk və son qələbədir.
Qurbanov “Qarabağ”la da 1:3-ün revanşını almağa cəhd edib. Niderlandda “Tvente”yə bu hesabla uduzan ağdamlılar Bakıda qolsuz sülh edib. Ümumiyyətlə eyni nəticə ilə səfərdən döndüyümüz 5 duelin üçündə cavab görüşündə qol qeydə alınmayıb.
Səfərdə 1:3 hesabına üzülüb evdə də uduzan tək komanda isə “Xəzər Lənkəran”dır. Cənublular Moldovanın kənd komandası kimi tanınan “Nistru” qarşısında aciz qalıb.
Maraqlıdır ki, əvvəlki 5 hadisənin hamısı Avropa Liqası, əvvəlki UEFA kubokunda qeydə alınıb. Son üç dueldə cavab görüşünün nəticəsi eyni olub.
Komandalarımızın səfərdəki ilk oyunda 1:3 hesabı ilə uduzduğu duellər
2005/06 mövsümü, UEFA kuboku
“Nistru” (Moldova) – “Xəzər-Lənkəran” – 3:1, 2:1
2007/08 mövsümü, UEFA kuboku
“Rid” (Avstriya) – “Neftçi” – 3:1, 1:2
2009/10 mövsümü, Avropa Liqası
“Tvente” (Niderland) – “Qarabağ” – 3:1, 0:0
2011/12 mövsümü, Avropa Liqası
“Makkabi” (Təl-Əviv, İsrail) – “Xəzər Lənkəran” – 3:1, 0:0
2017/18 mövsümü, Avropa Liqası
“Astra” (Rumıniya) – “Zirə” – 3:1, 0:0