Qurban Qurbanov görmədiklərini gördü – belə şey olmamışdı
18.02.2022 - 17:00
Qurban Qurbanov görmədiklərini gördü – belə şey olmamışdı

“Qarabağ” ardıcıl ikinci avrokubok oyununda üç qol buraxıb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu belə uğursuzluğu Konfrans Liqasında yaşayıb.

Qrup mərhələsinin son matçında “Bazel”ə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri pley-offun ilk matçında “Marsel”ə 1:3 hesabı ilə məğlub olub. Neçə illərdir Avropada ölkəmizi layiqincə təmsil edən klubun müdafiədə belə zəiflik göstərməsi asan xatırlanan hadisə deyil.

Axı Ağdam təmsilçisi son 17 mövsümdə ilk dəfə ardıcıl iki avrokubok görüşündə 3 və ya daha çox qol buraxıb. Sonuncu dəfə belə seriya 2004-cü ilin yayında – 2004/05 mövsümündə başa çatıb. 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov həmin vaxt “Neftçi” formasında vurduğu qollarla “ağ-qaralar”ın çempionluqlara daşıyırdı. Onun Ağdam klubunun baş məşqçisi təyinatından sonra heç vaxt heç vaxt ardıcıl iki avrokubok matçında bu qədər qol buraxılmayıb. Hətta onun “Neftçi”dəki baş məşqçiliyində də belə hal yaşanmayıb. 

Bir sözlə, Qurbanov avrokuboklarda “Bazel” və “Marsel”lə görüşədək bunu görməmişdi. Düzdür, onun yetirmələrinin hətta 6 top buraxdığı görüşlər də olub. Amma müdafiənin belə acizliyi ardıcıl iki dəfə üzücü olmayıb.

Qeyd edək ki, “Qarabağ” “Marsel”lə cavab oyununa fevralın 24-də çıxacaq. Həmin vaxtadək ağdamlılar müdafiədəki problemi həll etməlidir ki, daha bir tarix yazaraq 1/8 finala adlasın.