“Mahirlə bu barədə çox söhbət etmədim“.
Apasport.az saytının məlumatına görə, bunu “Sportinfo TV"nin yutub layihəsi olan “Futbol söhbəti”nə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, ötən ilin yayında “Qarabağ“dan “Legiya“ya keçən Mahir Emrelinin Polşa klubundan ayrılmaq istəməsinə münasibət bildirib. Çalışdırıcı 25 yaşlı forvardın Varşava təmsilçisində yaşadıqlarından məyus olduğunu gizlətməyib: “Onunla həm buradan gedən ərəfədə, həm də yaxınlarda görüşmüşəm. Mahir həmin vaxt mənə dedi ki, karyeramı ölkə xaricində davam etdirmək istəyirəm. “Legiya“da mövsümə yaxşı başladı. Sadəcə, klubun içində olmadığımdan, baş verən son hadisələrin səbəbini bilmirəm. Mahirə görə məyusam. Açığı, özü ilə son söhbətdə bu barədə ona çox sual vermədim. Hiss etdim ki, bu mövzu onu çox yorub, bezdirib. Çünki hamı ondan bu haqda soruşur”.
Qeyd edək ki, “Legiya”nın Dubaydakı təlim-məşq toplanışına yollanmayan Mahir Emreli müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi üçün klubuna məktub göndərib.