Qurbanov “Sumqayıt” haqda: “Bu normal hal deyil”
05.05.2022 - 13:27
Qurbanov “Sumqayıt” haqda: “Bu normal hal deyil”

“Sumqayıt”ın daxilində olmadığım üçün orada nələrin baş verdiyini bilmirəm. Amma bu, normal hal deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın sabiq futbolçusu İlqar Qurbanov deyib.

Hazırda milli komandanın seleksiyaçısı vəzifəsini icra edən 36 yaşlı mütəxəssis “gənclik şəhəri” təmsilçisinin uğursuz mövsüm keçirməsinə münasibət bildirib. Qurbanovun fikrincə, “gənclik şəhəri” təmsilçisində problem baş məşqçi dəyişikliyi deyil: “Altı ay əvvəl əsas milliyə 8-9 futbolçu verən klubdan son toplanışa 1-2 nəfər çağırılmışdı. Baş məşqçi dəyişikliyinin komandanın nəticələrinə təsir göstərdiyini düşünmürəm. Çünki əvvəlki baş məşqçinin dönəmində də enişdə idilər. Bu, yeni çalışdırıcı gəldikdən sonra olmadı ki. Klubun öz strategiyası var, ən yaxşısını özləri bilərlər. İşin içində olmadığım üçün qarışmağım düz çıxmaz”.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada 25 turdan sonra 15 xalla 7-ci pillədə qərarlaşır. İlqar Qurbanov son klubu olan “kimyaçılar”ın formasını 2019/20 mövsümündə geyinib.