“Çox səviyyəli komandanı mübarizədən kənarlaşdırdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utziq Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt” səddini aşmaları barədə danışarkən deyib.
İlk oyunda 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” cavab görüşündə qollu bərabərə qalaraq (1:1) yarımfinala yüksəlib.
Qarşılaşmanı dəyərləndirən Utziq cavab matçının çətin keçdiyini etiraf edib. 26 yaşlı hücumameyilli oyunçu “Sumqayıt”ı keçməyə layiq olduqlarını bildirib: “İlk oyundan əldə etdiyimiz kiçik üstünlüyə görə cavab görüşünün çətin olacağını gözləyirdik. Öz meydanımızda da yaxşı çıxış etdik və yarımfinala yüksəldik”.
Braziliyalı yarımfinalda üz-üzə gələcəkləri “Qarabağ” haqda da fikirlərini bölüşüb: “Qarabağ” ölkənin ən səviyyəli komandasıdır. Məşqçimizin quracağı strategiyaya uyğun özümüzü hazırlayacağıq. Onlara qarşı çox çətin iki oyun olacaq”.
Qeyd edək ki, “Qəbələ” ilə “Qarabağ” arasında oyunlar aprelin 20-də və 29-da keçiriləcək.