Ramin Musayev klublara söz atdı: “Əcnəbi futbolçu gəlib ehtiyatda oturursa...”
21.12.2021 - 11:22
Ramin Musayev klublara söz atdı: “Əcnəbi futbolçu gəlib ehtiyatda oturursa...”

“Bizdə problem odur ki, çempionatın gedişində məşqçi gətiririk və ondan iş görmək tələb edirik”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev İTV-də yayımlanan “Bol idman” verilişində danışarkən deyib.

PFL rəhbəri mövsümün gedişində baş məşqçi dəyişikliyinə getməyin, lazımsız əcnəbi futbolçuları gətirməyin yanlış addım olduğunu deyərək, klublara söz atıb: “Mövsümün ortasında gələn məşqçi qısa müddətdə necə uğur qazana bilər? Gərək futbolçuları baş məşqçi özü seçsin. Çünki o, futbolçuları öz oyun üslubuna uyğun qurmalıdır. Mənə bir şey məlum deyil ki, əcnəbi futbolçu gəlib ehtiyatda oturursa, onu niyə gətirirlər? Baş məşqçiyə səlahiyyət vermək, ondan sonra nəsə tələb etmək lazımdır. Yoxsa kənardan müdaxilə edirsən, onu oynatma, filankəsi çıxar... Bu düzgün deyil”.

Ramin Musayev hazırda Premyer Liqada çıxış edən əcnəbi futbolçuların əvvəlkilərdən zəif olduğunu da sözlərinə əlavə edib: “Əvvəlki komandaların gur, futbolumuzun şan-şöhrətli vaxtındakı ölkəmizə gələn əcnəbi futbolçuların çoxu mənim yadımdadır. Amma inandırım sizi, bu gün 8 komandada oynayan əcnəbilərdən cəmi 4-5-nin adı yadımda qalır. Çünki heç bir fərqləri yoxdur. George Adamiya, Flavinyo, Branimir Subaşiç, Vadim Borets kimi futbolçular getdi”.