Rekorda doğru 7 xal
07.05.2022 - 11:00
Rekorda doğru 7 xal

“Kəpəz” və “Turan Tovuz”a Premyer Liqada oynamaq üçün lisenziya verilməsi ilə Azərbaycan çempionatlarında komanda sayı artacaq.

Apasport.az saytının məlumatına görə, bununla da 6 mövsümdən ibarət 8 komanda və 28 turdan ibarət yarışda dəyişiklik olacaq.

Ölkə çempionatları tarixində bunadək heç vaxt format və komanda sayı bu qədər müddət dəyişməz qalmamışdı. 2016/17 mövsümündən başlayan sabitlik 2021/22 mövsümünün sonunda başa çatacaq.

Düzdür, bu 6 mövsümdən biri koronavirus səbəbindən yarımçıq qalıb və cəmi 20 turdan ibarət olub. 8 komandalı çempionatlar yeni xal rekordu ilə başa çata bilər.

4 oyunu qalan “Qarabağ” 59 xala malikdir. Bu, artıq indidən 8 komandalı çempionatlar tarixində 4-cü nəticədir. Ağdamlılar “Neftçi”nin ötən ilki göstəricisini təkrarlayıb.

Yalnız 3 dəfə bir komanda daha çox xal toplayıb. Qurban Qurbanovun komandası elə öz göstəricilərindən geri qalır. Mütləq rekord 66 xaldır. “Qarabağ”ı özünün sahib olduğu rekorddan cəmi 7 xal ayırır.

8 komandalı çempionatda ən çox xal toplayanlar:
1. “Qarabağ” – 66 (2018/19)
2. “Qarabağ” – 65 (2017/18)
3. “Qarabağ” – 62 (2016/17)
4-5. “Neftçi” – 59 (2020/21)
“Qarabağ” – 59 (2021/22)