Rekordçu rəqiblər və ya qənimimizlə bir yerdə - STATİSTİKA
17.12.2021 - 10:31
Rekordçu rəqiblər və ya qənimimizlə bir yerdə - STATİSTİKA

Azərbaycan millisinin Millətlər Liqasının 2022/23 mövsümündəki rəqibləri yığmamız üçün tanış komandalardır.

Apasport.az saytının məlumatına görə, püşkün komandamızla C liqasının 3-cü qrupuna daxil etdiyi yığmalarla qarşılaşmalar rekordlarla da diqqət çəkir.

Millimiz öz qrupunda Slovakiya, Belarus və Qazaxıstan – Moldova cütünün qalibi ilə görüşəcək. Komandamızın üç rəqibi olacaqsa, hazırda mümkün opponentlərin sayı dörddür.

Ən yaxşı tanış
Moldova millimizin tarixi ərzində ən çox qarşılaşdığı komandadır. Bu rəqiblə 11 dəfə üz-üzə gəlmişik. Yığmamızın ən çox heç-heçə etdiyi rəqib də bu komandadır. 2 qələbə və 4 məğlubiyyəti olan milli 5 sülhə imza atıb. Top fərqi də rəqibin xeyrinədir – 6-9. 

İki tərəfli rəqib
Qazaxıstan ən çox qarşılaşdığımız rəqiblər sırasında ikincidir. Yalnız Moldova ilə daha çox – 11 dəfə görüşmüşük. Amma Qazaxıstanı fərqləndirən xüsusi məqam da var. Bu yığma yeganə rəqibimizdir ki, millimizlə oyunlarda fərqli konfederasiyaları təmsil edib. Əvvəl asiyalılar kimi baxdığımız rəqiblə sonradan UEFA üzvü kimi üz-üzə gəlmişik. 10 oyunda 2 qələbə və 4 heç-heçəsi olan yığmamız 4 dəfə də uduzub. Top fərqində də yığmamız geridədir – 12-16.

Qənimimiz
Slovakiya ən çox uduzduğumuz komandalardandır. Millimizi 7 dəfə udan rekordçulardan biri olan bu rəqiblə 8 dəfə görüşmüşük. 1 qələbəsi olan komandamız 5 top vurub 19-nu buraxıb.

Münasib rəqib
Belarus yığması ilə nisbətən az qarşılaşmışıq. Millimiz üçün 4 dəfə görüşdüyü rəqiblə matçlardakı əsas özəllik müsbət saldoya malik olmasıdır. Belarus azsaylı Avropa yığmalarındandır ki, millimiz onu üstələyir. 2 qələbə və 1 heç-heçəsi olan futbolçularımız top fərqində də öndədir – 5-4.

Ümumilikdə, bu dörd rəqiblə 33 dəfə qarşılaşan millimizin aktivində cəmi 7 qələbə var. 10 heç-heçə edən komandamız 16 dəfə uduzub. Rəqiblər Avropanın üçüncü dərəcəli (C liqası – 3-cü dərəcəli liqadır) komandalarına 28 qol vuran millimiz 48 top buraxıb.