“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda mövsümün sonunda komandadan ayrılmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu yenə karyerasını Azərbaycanda davam etdirə bilər.
Milliləşdirilmiş orta sahə oyunçusu “Sumqayıt”ın maraq dairəsindədir. Mövsümün əvvəlində üçüncü dəfə Ağdam klubuna keçən braziliyalı heç cür özünə əsas heyətdə yer edə bilməyib. Bu üzdən klub yarımmüdafiə xəttinə transfer edərsə, onunla yeni müqavilə bağlamaq barədə düşünməyəcək.
Almeydanın yayda azad agent statusu alması və yerli futbolçu limitində çıxış etməsi “Sumqayıt” rəhbərliyini bu keçidə ümidləndirir. “Gənclik şəhəri” təmsilçisi Riçarda artıq müqavilə təklif edib. Futbolçu digər variantları da nəzərdən keçirdikdən sonra qərarını verəcək.
Qeyd edək ki, Riçard Almeyda 2012-2018-ci illərdə və 2019-cu ildə “Qarabağ”ın formasını geyinib. “Sambaçı” 2020/21 mövsümünü isə “Zirə”də keçirib.