Ronaldo Bekhemə doğru “qaçır”
01.05.2022 - 10:29
Ronaldo Bekhemə doğru “qaçır”

İngiltərə Premyer Liqa tarixində cərimə zərbəsindən ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, əfsanəvi Devid Bekhem hələ də bu baxımdan rekorda sahibdir.

Onun ən yaxın izləyicisi olan Ceyms Uord-Prouse ikinci pilləni ötən həftə ələ keçirib. Siyahıdakı oyunçulardan Ceyms və üçüncü sıradakı Kriştiano Ronaldonun hələ də göstəricilərini artırmaq imkanı var.

1. Devid Bekhem - 18 qol
Cərimə zərbəsi deyəndə ağla ilk gələn adlardan biri Bekhemdir. “Mançester Yunayted”in əfsanəsi klubun heyətində Premyer Liqada 62 dəfə fərqlənib ki, bunun 18-i cərimə zərbəsindən olub. Bekhem hələ də standart vəziyyətlərdən ən çox qol vuran oyunçu ünvanını qoruyur.

2. Ceyms Uord-Prouse - 14
“Sauthempton”un kapitanı bu mövsüm cərimə zərbəsindən rəqibləri 4 dəfə mərkəzə dəvət etməklə Avropada ən yaxşı göstəriciyə malikdir. İngiltərəli futbolçu ötən həftəsonu “Brayton”la görüşdəki qolla Premyer Liqada ikinci pilləyə yüksəlib.

3. Kriştiano Ronaldo - 13
“Mançester Yunayted” forması altında ilk qolunu standart vəziyyətdən vuran portuqaliyalı superulduzun bu mövsüm “Norviç”lə qarşılaşmada zərbəsi də qarşısıalınmaz olub. Bu, Ronaldonun 13-cü cərimə zərbəsi qolu idi.

4-5. Canfranko Zola - 12 qol
“Çelsi”də oynadığı müddətdə “zadəganlar”ın unudulmaz simasına çevrilən italiyalı Premyer Liqadakı 58 qoldan 12-ci standart vəziyyətdən vurub.

4-5. Tyerri Anri - 12
“Arsenal”ın əfsanəvi hücumçusu son zərbələrdə mahir olması ilə diqqət çəkib. Fransalı forvard İngiltərə çempionatlarında 175 dəfə “topçular”ın azarkeşlərinə qol sevinci yaşadıb. Anri bunun 12-ni cərimə zərbəsindən reallaşdırıb.

6-7. Sebastian Larsson – 11
“Arsenal” akademiyasının yetirməsi “Birmingem” və “Sanderlend” formaları altında Premyer Liqada 282 görüşdə 26 qol vurub. İsveçli yarımmüdafiəçi standart vəziyyətdən 11 dəfə fərqlənib.

6-7. Loren Robert – 11
Robert İngiltərədə olduğu müddətdə “Nyukasl”, “Portsmut” və “Derbi Kaunti”nin şərəfini qoruyub. “Nyukasl”ın heyətində 22 qoldan 10-nu cərimə zərbəsindən vuran fransalı sabiq oyunçu “Portsmut”da olarkən də bir dəfə bu cür fərqlənib.