Rəqibimiz oyunlarını Serbiyada keçirəcək
17.05.2022 - 09:36
Rəqibimiz oyunlarını Serbiyada keçirəcək

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqibi Belarusun bütün ev oyunlarının yeri müəyyənləşib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, belaruslular millimizlə yanaşı, digər rəqiblərini də Serbiyada qəbul edəcək.

Bu, həmçinin qrupun təqvimində də dəyişikliyə səbəb olub. İyunun 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Canni de Byazinin yetirmələri ilə üz-üzə gələcək Belarus yığması bundan üç gün əvvəl Slovakiyanı eyni məkanda qonaq edəcək. Halbuki həmin görüşün Slovakiyada keçirilməsi nəzərdə tutulurdu. İyunun 10-da Qazaxıstanla matç da 15 min azarkeş tutumuna malik “Karadjordje”də təşkil ediləcək.

Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb. Millətlər Liqasında C liqasının III qrupunun Belarus - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.