“Oyun gözlədiyimdən daha yaxşı başladı. İlk hissəni böyük üstünlüklə keçirdik, nəzarət bizdə idi. Təəssüf ki, iki dəfə əks-hücumda yaxalandıq və qollar buraxdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXV turunda “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Gənc mütəxəssis qarşılaşmadan sonra yenilginin səbəbini belə əsaslandırıb: “İkinci hissədə vəziyyəti dəyişməyə çalışdıq. Amma rəqibin intizamlı müdafiəsini yara bilmədik. Heç də həmişə nəticə oyuna görə olmur. Ağır olacağını, matça “Qəbələ”nin nəzarət edəcəyini gözləyirdim. Çünki “Neftçi”yə qarşı 120 dəqiqə çox güc sərf etmişdik. Amma əksi oldu. Bu gün məndə inam var idi ki, ikinci hissədə oyunu çevirə bilərik. Amma uşaqlarda inamsızlıq yarandı. Bəzən meydanda hər şeyi düz etməyinə baxmayaraq, hesabda geridə olmağın futbolçulara psixoloji cəhətdən mənfi təsir edir. Düşünürəm ki, “Qəbələ” layiqli qələbə qazandı. Bu oyunun nəticəsindən sonra avrokuboklara vəsiqə verən iki yer uğrunda 3 komanda arasında amansız, qırğın mübarizə gedəcək. Oyundan narazı qala bilmərəm. “Qəbələ” kimi rəqibə qarşı ilk yarıda dominant idik. Sadəcə, müəyyən bəsit mübarizələrdə uduzduq. 1:2 hesabı ilə uduzduğumuz matçın ssenarisinə bənzəyirdi”.
- Növbəti tur çərçivəsində mayın 8-də çempionluğu təmin edən “Qarabağ”la qarşılaşacaqsınız...
- “Qarabağ”la niyə 4 gün sonra oynayırıq, bilmirəm. Mövsümün sonlarıdır, təqvimdə boş günlər tapmaq olar. Amma yenə də matça maksimum hazırlaşmağa çalışacağıq.
- “Qarabağ”a çempionluq dəhlizi qurmaq fikriniz varmı?
- İstər “Qarabağ”, istərsə də başqa bir komanda olsun, əgər belə bir ənənəmiz varsa, bizim üçün problem yoxdur. Düzü, bu haqda düşünməmişəm. Amma belə ənənəmiz varsa, hətta prinsipial rəqibə belə dəhliz qurmağa qarşı deyiləm.
- “Neftçi”yə qarşı 120 dəqiqəlik mübarizənin bugünkü məğlubiyyətə təsiri nə qədər oldu və bu psixoloji durumdan komandanı çıxara biləcəksiz?
- Futbolçular təcrübəlidir. 0:1 də uduzsaydıq 3 xal itirmiş olacaqdıq. Bu gün hətta bərabərlik də bizə Konfrans Liqasına vəsiqə yolunda böyük üstünlük qazandıra bilərdi. Futbolda hər şey sən istədiyin kimi olmur. Fiziki cəhətdən isə bu gün rəqibdən daha yaxşı idik. Müəyyən rotasiyalar da etmişdik. Sadəcə üstün oynadığın zaman qollar buraxırsansa, bunun istər-istəməz təsiri olur. Beynəlxalq arenada ölkəmizi təmsil etmək istəyiriksə, vəziyyətlərə uyğun çıxış yolları tapmalıyıq.
- “Qarabağ”ın “Qızıl dubl”una mane ola biləcəksiz?
- Bizim kiməsə mane olmaq məqsədimiz yoxdur. Qarşıda hələ üç çempionat oyunu var, əvvəlcə bunları düşünürük. Meydana kiməsə mane olmaq üçün çıxmayacağıq. Hər bir komanda mövsümü titulla başa vurmaq istəyir. Amma ondan əvvəl çempinatda mübarizəmiz var.
- Azərbaycan kubokunun final matçının Qəbələyə salınmasının sizin üçün bir fərqi var?
- Mənim üçün fərqi yoxdur. Son illər bölgələrdə final görüşünün keçirilməsi ənənə halını halıb. Qəbələdə iqlim fərqi var, dağ zonasıdır. Əvvəllər Bakıda da, hətta Naxçıvanda da final görüşü olub. Çempionatdakı mübarizədən sonra kubok barədə düşünəcəyik.
- Zədələnərək əvəzlənən qapıçı Mehdi Cənnətovun durumu necədir?
- Ağrıları çox ciddi idi. Onun əvəzlənməsi ikinci hissədə hücum xəttini gücləndirməyimizə mane oldu.