Rəşad Sadıqovun Azərbaycan rekordu əldən gedir – YALNIZ BİZDƏ
16.02.2022 - 12:06
Rəşad Sadıqovun Azərbaycan rekordu əldən gedir – YALNIZ BİZDƏ

Maksim Medvedev avrokuboklarda 113-cü oyununa çıxa bilər.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi “Qarabağ”ın “Marsel”lə sabahkı görüşünədək 112 dəfə qitə miqyaslı klub turnirlərində meydana çıxıb.

Ağdam klubunun kapitanı Fransadakı səfər qarşılaşmasında 113-cü görüşünü keçirə bilər. O, bununla da Azərbaycan futbol tarixinə düşəcək.

Maksim avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu adına şərik olacaq. Hazırda bu rekord Rəşad Sadıqova məxsusdur.

Avrokuboklarda üç klubun şərəfini qorumuş sabiq müdafiəçi “Neftçi”, “Kayserispor” və “Qarabağ”da üst-üstə 113 matçda iştirak edib. Marseldə sabiq komanda yoldaşına şərik çıxacaq Medvedev artıq gələn həftə mütləq rekorda imza atacaq. O, futbolumuzun “14 nömrəsini 114-cü matçına çıxmaqla geridə qoyacaq. Maksim bu oyunların hamısını bir klubda – “Qarabağ”da keçirib.

Qeyd edək ki, sabah keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.