“Hansı klubda idarəçilik futbolu bilən insanların əlindədir, onların həm işi asan gedir, həm də uğur qazanmaları qaçılmazdır”.
Bunu apasport.az saytına açıqlamasında sabiq FIFA hakimi Əfqan Həmzəyev Azərbaycan Premyer Liqasında çıxış edən klubların durumunu dəyərləndirərkən deyib.
O, çempionat iştirakçıları arasında “Qarabağ”ı digərlərindən fərqləndirib: “Qarabağ”ın hegemonluğu aşkar şəkildə görünür. Həm heyət, həm işin peşəkar səviyyədə qurulması baxımından, ümumiyyətlə, bütün komponentlərdə “Qarabağ” nəinki digər komandalardan, çempionatın özündən bir baş üstündür. Klub idarəçiliyində bu işi bilən şəxslər olmalıdır. “Qarabağ”da da iş peşəkar şəkildə qurulub. Artıq neçə ildir ki, Azərbaycanı avrokuboklarda layiqincə təmsil edirlər”.
Həmzəyev elitanın autsayderləri “Səbail” və “Keşlə” barədə isə əksini düşünür: “Səbail”də axsamalar var. Klubun elitada normal yer tuta bilməməsi, futbolçu heyətinin tez-tez dəyişdirilməsi, rəhbərlikdəki dəyişikliklər - futbola münasibət elə səviyyədədir ki, orada uğurdan söhbət gedə bilməz. “Keşlə” isə ötən mövsüm Azərbaycan kubokunu qazansa da, orada da mühüm irəliləyiş görmürəm. Bu da klubun idarəçiliyindən asılıdır. Hesab edirəm ki, “Keşlə” Şamaxıya köçdükdən sonra bölgə xalqının da dəstəyi ilə öz yolunu tapmalıdır”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 15 turdan sonra “Qarabağ” 36 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 10 xal qabaqlayır. Aktivində 11 xal olan “Səbail” isə son pillədə qərarlaşır.