“Çətin səfər oyunu idi. Ən azı kubokdakı məğlubiyyətdən sonra məqsəd seriyanı davam etdirmək idi".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt” üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
44 yaşlı çalışdırıcı qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Bu gün fiziki baxımdan mükəmməl formadayıq. Kubokda 120 dəqiqəlik rahat oyundan sonra bu gün də "Sumqayıt"la matçda üstün oynadıq. Cavan futbolçularımı təbrik edirəm. Ümumi ansambldan qopmadılar".
- Sona 3 tur qalmış, demək olar ki, 2-ciliyi təmin etdiniz. Bunu komanda üçün uğur saymaq olar?
- Bu gün "Neftçi"dən gözləntilər həddən artıq böyükdür. Bu komanda ilə ən yaxşısını eləmişik. Son illər istər yerli, istərsə də əcnəbi olsun, "Neftçi"də bu qədər cavan futbolçu oynadan məşqçi olmamışdı. Bütün bunlar, xüsusən də, yaşlı oyunçularımızın əziyyətinin bəhrəsidir. Bugünkü reallıq budur ki, "Neftçi" çıxdığı oyunlarda mübarizə aparmalıdır. Əvvəllər rəqiblər qapımız qarşısında çox qol epizodları yaradırdı. Amma bu gün komanda şəklində bunlara imkan vermirik. Uğurlu seriyanı davam etdirməyə çalışacağıq. İndiki durumda 2-ci yeri tutmaq bizim üçün o qədər də pis deyil.
- Eddi İsrafilov mərkəz müdafiəçisi kimi oynadı. Onun performansı necə idi?
- Bizi qınayırlar ki, niyə dəqiqəbaşı dəyişikliklər edirsən? Bu qədər itkilərimiz var. Mərkəz müdafiəçilərimiz yoxdur. Bu komandanın içində olan bilər ki, kim hansı mövqedə oynaya bilər. Hətta 1-2 oyun Ömər Buludovu da mərkəzdə oynatmışıq. Bu halda belə istər kənarda, istər daxilimizdə "niyə sistem dəyişdi?" deyənlər olacaq. Eddi bu gün çox xoşuma gəldi. Bilmirəm, bəlkə Mamadu Mbodju göndərib, onu saxlayaq?
- "Neftçi"dən ayrılan futbolçu Romen Bask demişdi ki, baş məşqçi mənimlə prinsip aparır. Amma sonradan qayıtmaq istədiyini söyləmişdi...
- Onun müsahibəsini oxudum, çox məyus oldum. Ona qarşı çox yaxşılıq elədik. Bask qalsaydı, ardıcıl oyunlara çıxacaqdı, çünki Kane getmişdi. Sadəcə əvvəlki klubundan kapitan kimi gəlmişdi. Tələsik qərar verdi. Bəlkə də, burada dözə bilərdi. O, çox yaxşı transferlərimizdən biri idi. Bundan sonra zəng edib-etməyəcəyimiz sonrakı söhbətdir. Amma mən onun komandamızda olmasını istərdim.
- Yeni müqavilə ilə bağlı rəhbərliklə söhbətiniz olmayıb?
- Mənimlə müqavilə uzadılmadığı üçün kiməsə heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, komanda çoxdan idi çempion olmurdu, mən etdim. Uzadarlar, qalıb işləyərik.