Samir Abasov: “Söhbəti öz aramızda həll edəcəyik”
15.05.2022 - 19:09
Samir Abasov: “Söhbəti öz aramızda həll edəcəyik”

“Rəqibi təbrik edirəm. Avrokuboklara vəsiqə qazandılar”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, Premyer Liqanın XXVII turunun “Zirə” ilə səfər matçından (0:1) sonra fikirlərini mətbuat konfransında açıqlayıb: “Belə oyuna kökləmək çətindir. Stimulsuz matça hazırlamaq çətin olur. Məğlub olmaqlarına baxmadan futbolçularımız yaxşı oynadı. Hamısını təbrik edirəm. Canlarını qoydular. Oyun ilk dəqiqələrdən qızışmışdı. Görüş bizim üçün heç nə həll etməsə də, yaxşı oynamaq istəyirdik. Uduzduqlarına görə indi əsəbidirlər. Ağır mövsümdə ikinci yeri təmin etmək yaxşı nəticədir”.

Abasov azarkeşlərin yenə onu istefaya səsləməsindən də danışıb: “Bu gün azarkeşlərimiz ötən oyunlarla müqayisədə daha sakit idilər. Bir iki dəfə mən də eşitdim. Baş verənlərə izah vermişəm. Öz aramızda olan söhbəti öz aramızda həll edəcəyik. Bu kənara çıxmayacaq. Azarkeşin istəyi normaldır. Bu söhbətə son qoymaq istəyirəm. Bir də bu suala qayıtmayacağam”.

Mütəxəssis gənclərə şans verilməsindən danışıb: “Lazım olan oyunlarda da gəncləri oynatmışıq. Həmin həftə oyuna uyğun gələndə Vüsalı da, Ramini də, Fəridi də oynatmışıq. Bəlkə də cari mövsüm ən çox gənclərə şans verən komandalardan biriyik. Rza dünən 90 dəqiqə oynadığı üçün ona şans vermədik”.

Abasov mövsümün yekununu dəyərləndirib: “Bu günkü nəticələri çox yaxşı hesab edirəm. Baş məşqçi üçün məqsədə çatmaq yaxşıdır. Çox çətin mövsüm oldu. Məğlubiyyətsizlik seriyası da yaşadıq, gənclərlə, rotasiya ilə ən yaxşısı nə idisə, ona da nail olmuşuq”.

Mütəxəssis müqaviləsi barədə də danışıb: “Klub rəhbərliyi ilə bu barədə danışmamışam. İdman direktorumuz Zaur Əzizovla danışır, müzakirə edirik. Hansı qərar qəbul edəcəklərsə, ya qalacağıq, ya göndəriləcəyik”.

O, son turun “Qarabağ”la görüşü barədə fikirlərini bölüşüb: “İtkilərlə çıxacağıq. Bu gün sarı vərəqə alan Emin Mahmudov olmayacaq. Son dəqiqələrdəki penalti epizodunun verilməməsi maraqlıdır. “Qarabağ” əzəli rəqibimizdir. Ona hazırlaşmalıyıq. Biz də bu qarşılaşmaya hazır olmalıyıq. Bu gün məqsədimiz oyun oynamaq, udmaq idi. Bunun üçün hər şey etməliydik. Aqressiya da bunun içindədir. Hər iki komandada aqressiya var idi. Rəqibə xal lazım idisə, biz də bunu istəyirdik”. 

Abasov qışda İrandan təklif aldığını da bildirib: “Qışda mənə zəng gəldi ki, “Traktorsazi” sizi istəyir. Mən də dedim ki, mən kluba məxsusam. Onlarla danışın. Sonradan Saman Nərimancahan da zəng etdi və mənimlə maraqlandıqlarını dedi”.