Mövsümün ilk yarısında uğursuzluğa düçar olan “Neftçi” qış fasiləsində heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi əcnəbilərlə yanaşı, bir neçə yerli futbolçusu ilə də yollarını ayırmağı planlaşdırır.
Baş məşqçi Samir Abasov yeni ildən sərəncamında görmək istəmədiyi yerliləri də artıq müəyyənləşdirib. Çalışdırıcı son vaxtlar şans verməsinə baxmayaraq, ümidləri doğrultmayan qapıçı Kamran İbrahimova güvənmir. Çərçivəni etibar edəcəyi qolkiper gətirməkdə israrlı olan “ağ-qaralar” bunu reallaşdırmağı bacarsa, İbrahimov yola salınacaq, Aqil Məmmədov isə ikinci qapıçı kimi mövsümün sonuna qədər komandada qalacaq.
Samir Abasovun gözündən düşən digər futbolçular Fəhmin Muradbəyli və Mirabdulla Abbasovun durumu da yerli transferlərindən asılıdır. Rəhbərlik heyətə istənilən sayda oyunçu cəlb edəcəyi təqdirdə, həm Mirabdullanın, həm də Fəhminin “qələmi qırılacaq”. Hər ikisinin müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Fəhmin zəif çıxışına, Mirabdulla isə bununla yanaşı, azarkeşlərlə arasındakı qalmaqala görə ya icarəyə veriləcək, ya da müqaviləsi ləğv olunacaq.
“Neftçi” gənc futbolçu limitinə düşəcək daha yaxşı yerli taparsa, yarımmüdafiəçi Vüsal Əsgərovla da yeni uzunmüddətli müqavilə imzalayıb, onu mövsümün sonuna qədər icarəyə verəcək.