“Atletiko”nun baş məşqçisi Dieqo Simeone və hücumçusu Antuan Qrizmannın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis və fransalı forvard növbəti mövsüm də Madrid klubunda çalışacaq.
Simeone komandadan ayrılacağı ilə bağlı yayılan söz-söhbətlərə son qoyaraq, azarkeşlərdən sakit olmalarını istəyib: “Narahat olmayın, həmişə olduğu kimi, “Atletiko”da qalacağıq”.
Madridlilərin prezidenti Enrike Sereso isə “Barselona”dan icarəyə götürdükləri Qrizmannı saxlayacaqlarını söyləyib: “Qrizmann burada qalacaq. O, növbəti mövsüm də “Atletiko”da oynayacaq. Birlikdə çalışmağa davam etməyi planlaşdırdığınız zaman pul problem deyil”.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm bütün turnirlərdə 37 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verib. La Liqada ilk “dördlüy”ü təmin edən “Atletiko” gələn mövsüm də Çempionlar Liqasında mübarizə aparacaq.