Sənan Qurbanov “Keşlə”dən ayrılacaq 3 futbolçunun adını açıqladı
15.12.2021 - 21:18
Sənan Qurbanov “Keşlə”dən ayrılacaq 3 futbolçunun adını açıqladı

“Fasilə öncəsi son qarşılaşma olduğundan, qələbə bizim üçün çox önəmli idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda Sumqayıtda eyniadlı komandanı 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis qarşılaşmadan sonrakı mətbuat konfransında artıq mövsümün ikinci yarısı barədə düşünəcəklərini söyləyib: “Kubokda da çox əziyyət çəkmişdik, bu gün də xeyli güc sərf etdik. İstirahətə yollanırıq, daha sonra ikinci yarıya hazırlaşacağıq”.

- Qış fasiləsində heyətdə çox islahat olacaq? Təlim-məşq toplanışını Azərbaycanda keçəcəksiniz?
- Mütləq olacaq. Çünki istədiyimiz yerlərdə deyilik. Toplanış planı haqda hələ konkret fikir bildirə bilmirəm. Bir neçə futbolçu ilə yollarımızı ayıracağıq. Oyunçu axtarırıq. Ancaq qışda yeni futbolçu tapmaq çətindir.

- Con Kamara, Nicat Qurbanov və Anatole Abanqla yolların ayrılması barədə qərar qəbul olunub?
- Belə söhbət olub. Abanqın çoxlu qırmızı vərəqə alması bizi bu addıma vadar etdi.

- Rəhman Hacıyevi saxlayacaqsınız?
- Rəhman bizə lazımlı futbolçudur. O, “Neftçi”yə məxsusdur. Ancaq komandada saxlamağa çalışacağıq. Məlum açıqlaması ilə bağlı da söhbət etmişik. Özü komandada qalmaq istəyir.